Ismayil Imanzadə - AXTARIR

Ədəbiyyat 19:43 / 05.01.2026 Baxış sayı: 994

 

Kəsiləndə gediş-gəliş

Torpaq da, daş da yadlaşır.

Əl-əldən üzülən kimi

Qohum-qardaş da yadlaşır.

 

Hərə bir yana üz tutur,

Hamı tay-tuşun axtarır.

Yamanlığın qarşısında

Halallıq boynunu bükür.

 

Gördüyündən çaş-baş qalan

Anlar heyrətdən döyükür.

Göz kiprikləri isladıb,

Çatılmış qaşın axtarır.

 

Yerə-göyə sığışmayır

İnsanın hikkəsi-kini.

Soraqlayıb tapa bilmir

Bulud əzəlki səmtini.

 

Çaylar kəsilmiş yolunu,

Səhra yağışın axtarır.

İşləmir vaxtın “sayqac”ı,

Ürək xırdalanır yasda.

Zəmanənin dönür üzü,

Haqq tapdanır basa-basda...

Can hayında qalan dünya,

Hələ də başın axtarır!..

18.06.2023