Aida Adıgözəl - Uşaq vaxtı...

YAZARLAR 13:39 / 06.01.2026 Baxış sayı: 1262

Uşaq vaxtı əlbəttə, heç vaxt ağlıma da gəlməzdi ki biz böyüyəndə sosial şəbəkələr olacaq. Böyüyüb qırılıb yerə dağılan muncuqlar kimi hərəmiz bir yerə səpələndik. Sosial şəbəkələr yarandı və feysbuk dostarımın siyahısına vaxtilə anaları ilə bir sinifdə oxuduğum gənclər əlavə olundu. Burda anaları ilə oxuduğum çox istedadlı müəllim var- İdris Abiyev və bizim toppuş qızımız Zaira Akifqızı. Bu gəncləri həm sevərək izləyirəm həm də hər uğurlarına öz balalarım kimi sevinirəm. Hətta bir dəfə Zaira ilə bir maşında gecə bir-birimizi tanımadan kəndə getmişik. Evə çatanda gördüm Zairkam votsapa yazıb ay Aida xala, bayaq yan-yana oturmuşuqmuş e maşında.

Kəndimizin problemini işıqlandırıb jurnalist qızımız, çox da dəqiq yazıb. Sovetin vaxtında burda dostluğumda kəndimizdə Neft Kəşfiyyatı Qazma İdarəsində işləyənlər bilir Mollakənd kəndi necə müasir qəsəbə idi. İki xəstəxanası, iki orta məktəbi, onlarla iri iaşə obyektləri, çörək sexi, kinoklubu, pendir zavodu, Barama və Pambıq məntəqələri kimi iri iş yerləri olan kənd idi. Hamı dövlət işində işləyib gözəl də dolanırdı. Həm sovetlik kəndimizdə, həm də xəstəxana yaxşı olduğundan ətraf kəndlərin də əhalisi burda müalicə olunurdu. Doğum evində nə qədər körpələr dünyada gəlirdi, hətta rəhmətlik Şıxəli Qurbanovun bacısı atamın qohumlarında gəlin olan Kəbirə xanım da burada mamaça işləmişdi. İndi isə xəstənamız eyni Zairanın aşağıda dediyi kimidir. Bərbaddan da pis...

"Yeni ili Kürdəmir rayonunda qarşıladım. Adətən ora gedəndə qohumlarımızın (əmi, xala) evində qalıram. Ev pis deyil, təmirlidir, yaşayış üçün lazımi şərait var. Amma qışda kənd həyatının necə ağır olduğunu bu səfərdə bir daha bütün çılpaqlığı ilə gördüm.

Şaxta o qədər sərt idi ki, səhər yuxudan durub adi əl-üz yumaq belə problem olurdu. Evdə su tapılmırdı, çünki borular donmuşdu. Məcbur qalıb məhəllədə olan balaca kanala gedib, buzu qırıb, buz kimi su ilə əl-üzümü yudum iki gün. XXI əsrdə, Yeni il səhəri insanın yaşadığı mənzərəyə baxın...

Qazın hansısa səbəbdən hərdən kəsilməsi isə evin içini soyudurdu. Üstəlik, işıqlar da sönürdü, zəng edib xahiş etdikdən sonra sağ olsunlar, yandıdırdılar. İndi təsəvvür edin, kombisi olan, amma alternativ istilik sistemi olmayan evdə körpə, yaşlı və ya xəstə biri yaşayır. Bu insanlar qışı necə keçirir? Bu sualın cavabını kənddə bir gecə qalmaq kifayət edir ki, anlayasan.

Bir də yağış yağdı… Elə bil kənd tamamilə həyatdan küsdü. Marketə gedib çörək almaq belə mümkünsüz oldu. Küçələrdə palçıq dizə qədər, maşınlar sürüşür, piyada isə demək olar ki, hərəkət edə bilmir. Bir az yağış yağan kimi, kəndin bütün olmayan “infrastrukturu” iflic vəziyyətinə düşür.

Kəndin ümumi vəziyyəti isə ürəkaçan deyil. Xəstələndinsə, batdın deməkdir. Mollakənd xəstəxanasının halı elədir ki, ora ümidlə yox, çarəsizlikdən gedirsən. Elə bil xəstəxanaya 1993-cüildə erməni güllə atıb. Halbuki həmin tibb məntəqəsi normal təmir olunsa, azı 10 kəndin sakinlərinə xidmət edə bilərdi. Garıs Əyribənddə isə Allahın bir apteki də yoxdur.

Şəxsi rahatlıqdan danışsaq, hər gün saçını yuyan bir insan kimi məcbur qalıb vedrədə su isidib həyətdə başımı yuyurdum. Çünki az da olsa günəş adamı isidir, amma hamam buz kimi olurdu. Belə xırda görünən, amma insanı həyatdan küsdürən məqamlar kənd həyatında çoxdur.

Bu səfərdən sonra indi daha yaxşı anlayıram ki, niyə kənddən olanların çoxu az maaşa razı olsa belə, Bakıya üz tutur. İnsan sadəcə yaşamaq yox, rahat yaşamaq istəyir. Hamı isti evdə oturmaq, suya, qaza, yola, həkimə problemsiz çıxış əldə etmək istəyir. Bu çoxmu böyük istəkdir?"