Arzu Kazımqızı Nehrəmli - OĞRUM

YAZARLAR 19:25 / 05.01.2026 Baxış sayı: 1631

OĞRUM

İki gün idi, çatışmayan su ehtiyaclarımı ödəmək üçün binanın həyətində yerləşdirdiyim altı tonluq su çənimdə yaranan nasazlığa baxmayaraq yenə də hava qalıb deyə gedib nasosumu qaydaya salmağa tənbəllik edirdim. Axır ki, vəziyyətin mürəkkəbləşdiyini nəzərə alaraq dişimi dişimə sıxıb su ehtiyatımı əvvəlki stabil vəziyyətinə qaytarmaq üçün aşağı – binanın həyətinə eniş etdim.

Çənə yaxınlaşarkən nasos üçün hazaırlanan balaca kabinədə nəinki nasosun yoxluğunu, orada baş verən hadisələrin incəliyini görərkən həyəcanımı gizlədə bilməyib qışqırdım. Üzümü birbaşa yaşadığım evin alt mərtəbəsindəki çənimlə üzbəüzdə yerləşən polis bölməsinə tutub sahə rəisini harayladım.

Səsimə səs verən rəisə: “Nə olar, rəis, tez edin, oğrunu tapın. Nasos heç, o borcumdur, ödəmişəm, amma ona dərin təşəkkür borcum qalıb. Əgər onu tapmasanız nə gecələr yata biləcək, nə də gündüzlər dincələcəm”.

Kabinəyə boylanan rəis də gözlərinə inana bilmədi. Qayğıkeş oğru elə səliqəli iş görmüşdü ki, yəqin ki, yüz faiz nasosun burnu da qanamamışdı. Bu heç, əsas məsələ ona qoşulan elektrik məftillərinə o qədər məsuliyyətlə yanaşmışdı ki, bunu sözlə ifadə etmək imkansızdır. Məftilin nasosdan ayrılan naqillərini izalentlə doktor yaranı sarıyan kimi sarıyaraq məftili balaca kabinənin divarlarına rəssam kimi elə pərkim etmişdi ki, heç yarım əsrin təcrübəli elektriki, illərin məsuliyyətli qoruyucusu dünya şöhrətli rəssamı da bu işin öhdəsindən gələ bilməzdi.

Balaca kabinədə insanlığın ölmədiyi göz qabağında idi. Bu incəliyə rəisin də gözləri dolmuşdu, mən isə artıq içimi çəkirdim. Boğazımdan nəinki bir çənin, heç bir qurtum da su keçməzdi. O qədər dramatik yox, romantic olmuşdum ki, az qala yastıq aparıb çənin yanında yatmaq da istəyirdim. Damarda qanım çəndə dayanan su kimi dayanmış, poetik üslubum romantik hadisənin atmosferinə cərəyan etmişdi. Özümü saxlaya bilməyib hadisənin axarına düşərək tam mənə məxsus olan bədahətən bu iki misranı da demişdim, deyəsən:

Gün çıxıbdır günortanın yerinə,

Arzu qalxıb velosipedin belinə.

Ətrafımla bərabər özümü çox xoş əhval-ruhiyyədə hiss edirdim. Çənin ora-burasından axan sudan qidalanan bənövşələr günəşə boylanaraq əyri boyunlarının düzəlməsinin qalibiyyətini iftixar hissi ilə qeyd edirdilər. Romantik düşüncələr altında təhlükəsizliyimi ən böyük məharətlə qoruyan biri olduğunu düşünürdüm.

“Əziz oğrum, sən nasosdan ayırdığın yüksək cərəyanlı məftili mənim ayağım altına da ata bilərdin, amma sən bunu etmədin. Sən məni göz bəbəyin kimi qorudun. Bugün səni polisdən çox mən axtarıram. Yerdə düşüb qalmış, sahibinə çatacaq təşəkkürüm var. İz buraxdığın yerdən ayrıla bilmirəm. Gördüyün bu böyük xeyirxah əməlinlə sən mənim qidroforumu yox, qəlbimi oğurlamısan.

Hardasan, oğrum mənim?!”