Bəhruz   Niftəliyev -  Hər ruhun, ürəyin öz ağrısı var...

Ədəbiyyat 11:00 / 06.01.2026 Baxış sayı: 1219

Hər ruhun, ürəyin öz ağrısı var,

Məlhəmi, çarəsi, öz sarğısı var.

Elə bil bir eşqin yüz Tanrısı var,

“Tək Allah” sevməyim günahdı indi?

 

Çöhrəni cənnətmi bilim, durulum?

Cəhrəni ehmal tut, qoyma qırılım,

Çarəni məndə bil, bir də vurulum,

Allah tək sevməyim günahdı indi?

 

Bəyazı qardısa, ayazı gecə,

Ta yazıb alnına o yazı gecə,

Tənhaya neyləsin o yazıq gecə,

Allah tək sevməyim günahdı indi?

 

Kül oldum, sovruldum görən olmadı,

Yoğruldum, yoruldum görən olmadı,

Cənnətdən qovuldum görən olmadı,

Allah tək sevməyim günahdı indi?

Nə əcəb yadına düşdüm , ay Allah,

Sübhədək yanğına düşdüm, ay Allah,

Necəsə yanına düşdüm, ay Allah,

Allah tək sevməyim günahdı indi?

 

Sən bada ver məni, bəndən deyiləm,

Elə bil özgənəm, səndən deyiləm,

Üz tutub sözümü sənə deyirəm,

Allah tək sevməyim günahdı indi?

 

Günahsa günəşə tən eylə məni,

Yandırıb-yaxdıran gün eylə məni,

Unutsan xatırla gileylə məni,

“Allah tək sevməyim günahdı indi?!”

02.01.26