Sevil Azadqızı - ZƏNGİNİ GÖZLƏYİRƏM

Ədəbiyyat 17:00 / 05.01.2026 Baxış sayı: 1483

 

Yaman soyuqdur hava,

Mənfi səkkiz dərəcə.

Donubdur tamam sular,

Sükuta dönüb gecə.

 

Pəncərə şüşəsinə,

Şaxta ağ rəsim çəkir.

Qəribə izlər düşür,

Elə bil quşlar səkir.

 

Ayaq izlərimizi,

Qar örtür yavaş-yavaş.

Zəngini gözləyirəm,

İçimdə qorxu, təlaş.

 

Axı sənə demişdim,

Bu qarda çıxıb getmə.

Mən ki uşaq kimiyəm,

Məni nigaran etmə.

 

Getdin, barı zəng elə,

De ki, "çatmışam evə."

Axı kim var mənimtək,

Səni mən qədər sevə?

 

Gərək heç qoymayaydım,

Qalardın gecə bizdə.

Axı çox gözləmişdik,

Bu günü ikimiz də.

 

Durardım qulluğunda,

İnan ki, sevə-sevə.

Zəngini gözləyirəm,

Duyum çatmısan evə.

5.01.25