Aləmzər Sadıqqızı - Daha döyməz ürəyinin qapısın.
Daha döyməz ürəyinin qapısın,
Nə küləklər, nə yağışlar, nə də mən...
İncə- incə nüansların var imiş...
Nə mən bildim, nə el bildi, nə də sən.
Səhnələrdə rollarını görmədim,
Həyatdakı rollarına min əhsən!
Bundan sonra neyləsəndə cücərməz...
Ürəyimə milyon-milyon gül əksən...
Ən gözəl rolunu mənlə oynadın,
Ən səmimi, ən sevəcən adamı.
Heç kimsənin cəsarəti çatmadı
Sənin qədər gözəl alsın qadamı.
O mən idim alt-üst etdim dünyanı,
İndən belə ta döyünməz ürəyin.
Allah səni ağladanda bilərsən,
Bir mən idim bu dünyada gərəyin.
Yaxın otur, sözlərimə qulaq ver,
Mən girəndə bir ürəyi tikirəm.
Tərs kimi də mən çıxanda ürəkdən,
Divarını, qapısını sökürəm!
Canın çıxsın, indən sonra darıx ,dur,
Köməyinə gəlməz vallah, billah da,
Məndən sonra səni sevməz bir kimsə,
Dərdlərinə çarə olmaz Allah da!!!
6.1.2025.