Asim Yadigarın şeirləri

Ədəbiyyat 10:45 / 06.01.2026 Baxış sayı: 1274

Dünya

Nə sığala, nə tumara ehtiyacı var,
Ha sığalla, ha tumarla - kələkdi dünya.
İblislərə iblis kimi görünür elə,
Mələklərin gözlərində mələkdi dünya.

Atdan düşüb atlananlar düşəcək atdan,
Odda yanıb qovrulanlar qaçacaq oddan,
“Mənəm” - deyən çox kişilər çıxacaq yaddan,
Ələnəcək bircə-bircə, ələkdi dünya.

Bülbül kimi dil - dil ötər - dil çata bilməz,
Dəli-dolu dağ çayıdı - sel çata bilməz,
Tozanaqlı bir atlıdı - yel çata bilməz,
Hərdən yorğun bir qarıdı, ipəkdi dünya.

İskəndərtək zülmətlərə yol açanı var,
Rüstəm Zaltək meydanlarda qol açanı var,
Qocası var, cavanı var, dil açanı var,
Şair demiş, bəzən sərtdi, kövrəkdi dünya.

Xeyir doğar, şər çıxarar yolların üstə,
Dilliləri dil çıxarar lalların üstə.
Vaxtsız tökər kallarını kalların üstə,
Çərxi tərsə fırlanan bir fələkdi dünya.

Söz deyirəm oyalayır sözümü oyur,
Barmağını qoşa tutur - gözümü oyur,
Əyriləri başa çəkir, düzümü oyur,
Qollarımı sarımağa bələkdi dünya.

Min fitnəsi, min feli var uymaq olmayır,
Özü qonaq - qaralıdı, qonaq olmayır.
Acısı da şirin dadır - doymaq olmayır
Dərd-səriylə balla dolu pətəkdi dünya.

Sənə, mənə dərdi tanış, kədəri tanış,
Dörd bir yana çapdığımız kəhəri tanış,
Ayı, günü, hər axşamı, səhəri tanış
Bərk tutmuşuq ətəyindən - ətəkdi dünya.

Duyğusuzlar duya bilmir - duyğusu vardır,
Tanrı qurub, pozulmayan qurğusu vardır.
Ürək kimi döyünür o, vurğusu vardır,
Ürəkliyə, ürəksizə ürəkdi dünya.

Hər şeyin sonu var...

Hər şeyin sonu var həyatda, gülüm.
Əbədi deyil ki, gülüş də, qəm də.
Belə qalmayacaq, quruyacaqdır,
Qəmli gözlərində görünən nəm də.

Gecəli-gündüzlü dünyamız kimi
Qəmin, sevincin də iki üzü var.
Ağlayan ömürlük ağlamayacaq,
Hər gün gülən kəs də bir gün ağlayar.

Bir azca kədər qat gülüşlərinə,
Sevinc payın olsun kədərində də.
Axşamlar günəşli səhəri düşün,
Gecəni unutma səhərində də.

Həyat var ilanın zəhərində də,
Zəhərdə qoşadır həyatla ölüm.
Sevincin bir ucu qəmə doğrudur,
Qəmin sonunda da sevinc var, gülüm.

Hər şeyin sonu var həyatda, gülüm.
Əbədi deyil ki, gülüş də, qəm də.
Gecəli-gündüzlü dünyamız kimi
Qəm-sevinc qoşadır ürəyimizdə.

Ölən sevgimə ağı

“Sənsiz yaşamaram” - demişdin mənə,
“Sənsiz yaşamaram” - sözə bax, Allah!
Mənsiz yaşamadın - inandım buna,
Sinəmi yandıran közə bax, Allah!

O hansı qüvvəydi dodaqlarından
İlahi bir səsi uçurtdu belə.
Sənsizəm, dediyin bir kəlmə sözün
Odunda qovrulub, yanıram hələ.

Yoxluğun ruhuma saldı zəlzələ,
Könül sarayım da dağıldı, gülüm.
Demişdin bu sevgi bir nağıl olar,
Doğrudan bir şirin nağıldı, gülüm.

Bu da bir nağıldı, nağıl deyirəm,
Sən adda bir mələk vardı cahanda.
Sən uçub gedəli gidi dünyadan
Qəlbimə, ruhuma, dardı cahan da.

Nə qədər alışım, yanım gizlicə
Dərdimi deməyə dərddaşım hanı?
Ağlaya bilmədim ölən sevgimə,
Ağlaya bildimsə - göz yaşım hanı?

Yer üzündə belə gözəl yoxdu, yox

Yer üzündə belə gözəl yoxdu, yox,
Göydən enmiş mələkmidir yoxsa o.
Gözəl qızlar vallah eylər pərəstiş,
Hansı qızın qarşısına çıxsa o.

Təbəssümü çiçək açıb üzündə,
Gözlərinin atəşində yanıram.
Bir əzizim, doğmam deyil dünyada
Niyə onu qəlbimə dost sanıram.

Onu görcək lal oluram elə bil,
Dil-dil ötən dilim susur, kiriyir.
Min naz satır yeriyəndə yollara,
Baxın, görün nə naz ilə yeriyir!

Hər gülüşü, təbəssümü işvəli,
Nazı ilə bu dünyaya naz satır.
Cürətim yox bircə kəlmə söz deyim,
Ürəyimi misra-misra oynadır.

Mən olaydım kaş bu gülün bağbanı,
Kaş bu gülü bağçasından dərərdim.
Əsməsəydi qocalığın yelləri,
Ürəyimi bu gözələ verərdim.

Zəfər yolu

Soldurub baharını, gətirdik sərt qışını,
Axıdıb bu yerlərdə düşmənin göz yaşını,
Dəmir yumruqla əzdik onun murdar başını.
Bu yol qeyrət, cəsarət, bu yol hünər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ali Baş Komandanım, yaşa, var ol, yüz yaşa!
Saldığın Zəfər yolu tamaşadır, tamaşa,
Bu yolu tutmalıyıq başdan-başa qumaşa.
Bu yol ata arzusu – bu yol Öndər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Onun hər qarışına qarışıb şəhid qanı,
Bu qanlarla qurtardıq qandan Azərbaycanı.
Oğlum, nəvəm, qardaşım, bu yolu sən də tanı.
Bu yol qorxu bilməyən hünərvərlər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Bu yolda dəfn eylədim içimdəki qorxunu,
Həqiqətə çevirdim əfsanəni, yuxunu,
Sancdı düşmən köksünə igidlərim oxunu.
Bu yol qəlbə rahatlıq gətirən nər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Yamyaşıl meşələrin nəğməsi necə şirin,
Kölgəsi gün görməyir, kölgəsi necə sərin.
Bu zümrüd meşələrin, bu dərin dərələrin
Hər biri xoş müjdələr verən xəbər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Sıldırım qayaları öpürəm gözlərimlə,
Oxşayıram hər izi, cığırı sözlərimlə,
Öyünür, fəxr edirəm dağımla, düzlərimlə.
Daha bu yol nə həsrət, nə də qəhər yoludur,
Bu yol Şuşaya gedir, bu Yol Zəfər yoludur!

Otuz illik həsrəti qırx dörd gündə dağıdan,
Ey qəhrəman qazilər, sizə hər an can qurban.
Bu yolda şəhidləri unutmadım bircə an.
Bu yol cəsur, qəhrəman, igid əsgər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ulu Naxçıvanımın qorxmaz, ər oğulları,
Oxudum qayalarda siz yazan nağılları!
Dağa qalxan maşınlar, sanki durna qatarı
Qalxır Şuşaya sarı, qala-şəhər yoludur,
Bu yol Şuşaya gedir, bu yol Zəfər yoludur!

Ədalətinə şükür, ey qoca, gidi dünya,
Mən Cıdır düzündəyəm – nə yuxudur, nə röya.
Burdan – Cıdır düzündən səslənərək dünyaya
Deyirəm: – Bu qələbə, zəfər, bu ər yoludur,
Bu yol Şuşaya gəlir, bu yol Zəfər yoludur