Ramiz Göyüş,  yazıçı-publisist : - Müdrik yaşın müdrik şeirləri

YAZARLAR 09:04 / 25.06.2024 Baxış sayı: 3586

 

                                                                            Rafail İncəyurd-70

 

Çağdaş poeziyamızın tanınmış və ünlü nümayəndələrindən biri olan Rafail İncəyurdun poeziyası barədə fikirlərimi, böyük filosof və ədəbiyyat adamı Yaşar Qarayevin məşhur bir kəlamı ilə başlamaq istədim: "Ruh kimi poeziyada həmişə bizim hələ gəlib çatmadığımız yerdə olur... Poeziya həm də qövsü-qüzehə, ilğıma da bənzəyir. Sən ona yaxınlaşdıqca, o səndən uzaqlaşır. Sən şeirə çatanda, o artıq yeni mənzil başında olur”.

       Bu yazıda mən çalışacam ki, Rafail İncəyurdun bu günlərdə haləsindəolduğum və Professor Yaşar Qarayev demiş hələməndən uzaqlaşmamış poeziyasına, sətirlərinin arxasından boylanan mətləblərinə, demək istədiklərinə,  yaxınlaşım.

       Bu il poeziyasevərlər Rafail İncəyurdun 70 illik yubileyini qeyd edəcəkdir. Ona görədə mən Rafail müəllimin yaradıcılığı barədə fikirlərimə keçməmiş, istədim ki, onun 70 illik ömür və yaradıcılıq yoluna kiçik bir nəzər salaq...

... Qazaxdan çıxıb üzü Borçalı mahalına, məşhur Sınıq Körpü istiqamətinə yol alanda, Azərbaycan xalqına başda MollaPənah Vaqif və Səməd Vurğun olmaqla çox böyük dahilər bəxş etmiş Yuxarı Salahlı kəndindən(Qıraq Salahlıdan) sola bir yol burulur. Bu yol  səni ətrafı yazda gül-çiçəklə, payızda isə yovşan kolları ilə bəzənmiş təpələr arasından şairlər, aşıqlar yurdu, söz-sənət vurğunlu,irfan dünyalı insanların məkanı olan bir dərəyə-İncə dərəsinə aparır.

       Tale elə qismət elədi ki, mən elə Qazaxdan kənara çıxdığım-tələbə adını qazanaraq mərkəzi şəhərimiz Bakıya gəldiyim ilk günlərdən, əsgəri xidmətdə olduğum zamanlardan, əmk fəaliyyətinə başladığım günlərdən başlayaraq, tələbə yoldaşlarımın, əsgər yoldaşlarımın, iş yoldaşlarımın, ünsiyyət bağladığım insanların ən çoxu bu dərənin insanları oldu. Təmasda olduğum bu insanlarınyüksək mənəvi keyfiyyətləri, sözə-sənətə vurğunluğu, insani keyfiyyətləri, dostluğa sədaqəti, etibarı ilə bu dərənin  bütün insanları haqqında təsəvvür yaratmağa imkan verdi. Onların adını saymaqla bitməz.İş elə gətirdi ki, sonralar mən bu dərədən pöhrələnərək boy atmış söz-sənət adamlarının yaradıcılığını incələməli oldum. Bu araşdırmalar nəticəsində belə qənaətə gəldim ki, cəmi üçcə kəndən ibarət olan bu dərə, istər adət-ənənəsi, istər folkloru, istər  istedadları, istər sazlı-sözlü məclislri, istər fərqli dini dünyagörüşü ilə az qala bütöv bir xalqın etno mədəniyyətini və ədəbiyyatını təmsil etmək qüdrətinə malikdir. Doğrusu mən bu yurdun şairlərini ciyin-çiyinə vermiş sıra dağlara bənzədirəm. Bu sıra dağların Aşıq Avdı, Aşıq Cəlal, Ələddin İncəli, Aslan Kəmərli, Ağamalı Sadiq, Kərəm İncəli, Akif Səməd, Məmməd İlqar,Məmməd Dəmirçioğlu, İbrahim İlyaslı, Avdı Qoşqar, Mahmud Vəli, Sayad Mustafaoğlu adlı və adını bu yazıda çəkmədiyim neçə-neçə zirvələri var. Bu zirvələr bir dağ silsiləsində yerləşsə də, hər biri öz gözəlliyinə, əzəmətinə, möhtəşəmliyinə görə biri-birindən fərqlənir.

Bu sıradan,İncə dərəsinin Azərbaycan poeziyasına bəxş etdiyi, çağdaş poeziyamızda öz səhfəsini yazmış, öz yeri, öz sanbalı olan  çox dəyərli şairlərimizdən biri də Rafail İncəyurddur. Rafail İncəyurd müəllim ailəsində doğulmuşdu. Valideynləri  onu müəllim görmək istəyirdi.  Elə bu məqsədlə də, orta məktəbi bitirdikdən sonra ölkənin ən nüfuzi ali məktəblərindən birinin,ən nüfuzlu fakültələrindən birinə-Azərbaycan Dövlət Universitetinin  mexanika - riyaziyyat  fakültəsinə daxil oldu. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olan Rafail müəllim sonradan ömrünü –gününü yazı-pozuya, bağladı. 1981–1998-ci illərdə Azərbaycan Dövlət Universiteti Hesablama Mərkəzində proqramçı, redaktor müavini, redaktor, “Müəllim” nəşriyyatında redaktor, Bakı Dövlət Universiteti nəşriyyatında kompüter proqramçısı, “Odlar Yurdu və Diplomat” nəşriyyatlarında baş redaktor və s. vəzifələrdə çalışdı. Lakin şairlik onun stixiyası idi. Ədəbi həyata yeniyetmə yaşlarından başlamışdı. Elə bu fəaliyyətlər də getdikcə onun şair kimi yetişməsinə, püxtələşməsinə,tanınmasına bünövrə oldu.

Bəs niyə şairliyi seçdi Rəfail müəllim? Düşünürəm ki, onu şair edən əsas amil İncə dərəsinin mühiti idi.O  da bütün yaşıdları kimi İncə dərəsini sazlı-sözlu, nağıllar, əfsanələr, əsatirlərlə dolu dünyasında böyümüşdü. Saz havaları, bayatılar, incə qımqımıları anasının südü, laylaları ilə onun qan yaddaşına hopmuşdur. Lap erkən uşaqlıq, yeniyetmə vaxtlarından nəbzi sazın pərdələri ilə döyünmüş, dili, ləhcəsi  danışığı şairlərin misraları ilə  köklənmişdi. İncə dərəsinin yalnız bu dərəyə məxsus olan folkloru və irfan dünyası Rafail İncəyurdun formalaşmasında mühüm rol oynamışdı.Və  bu yerlərin genetik kodu, havası, suyu , şeir-sənət aləmi  və Böyük Yaradanın vediyi istedad şair etdi Rafail  İncəyurdu.

 

                                                  İrfan soylu kişilərin elindən,

                                                  Bayatılı nənələrin dilindən,

                                                  Şah palıdlar kökünün saf telindən
                                                  Qətrə-qətrə, sıza-sıza gəlmişəm.

 

                                                  Yol  gəlmişəm: yarı yağmur, yarı toz,

                                                  Üz görmüşəm: biri gülər, biri boz.
                                                  Bəzən yoldan eylyib bir çürük qoz,

                                                  Nə danım ki, hərdən duza gəlmişəm.

 

İncə dərəsi Rafail müəllim üçün müqəddəsdir. Təkcə ona görə yox ki, tək Azərbaycan da deyil , onun hüdudlarından kənarda da məşhur bir ziyarət kimi tanınan Hacı Mahmud  ocağı bu məkanda yerləşir.Həm də ona görə ki, həmin məkanda Rafail İncəyurdun dünyaya göz açdığı bir ocaq var, ilk dəfə ayaq tutub addım atdığı həyət var, ilk dəfə dil açıb ana çağırdığı, örəndiyi dil var, ləhcə var, qucağına sığınıb, laylasını eşitdiyi anasının, çörəyini yediyi, öyüdünü dinlədiyi, tərbiyəsini aldığı atasının məzarları, ruhu var, uşaqlığını keçirdiyi, quzu otardığı dərə, təpə var, həmin dərə-təpələri dolanan şığır-çəhlimlərdə izi, uşaqlıq xatirələri qalıb. Çiynində anasının parçadan tikdiyi məktəb çantasında qədəm qoyduğu məktəb, sinif otağı xatirələrində yaşayır. Onu Bakıya  ölkənin ən adli-sanlı ali məktəbə, yola salan məktəb var, ona əlifbanı, ana dilini, xalqımızın tarixini,ədəbiyyatını, mədəniyyətini öyrədən müəllimlərinin ruhu yaşayır.Uşaqlığında dirədöymə, çiling-ağac, beş daş oynadığı, çərşənbə günlərində papaq atdığı, yumurta döyüşdürdüy, tonqal çatdığı uşaqlıq yoldşlarının xatirələri yaddaşında həmişəlik həkk olunub.

 Məhz ona görə də Rafail müəllimin yaradıcılığının bir hissəsi həmin müqəddəs insanların, yerlərin, hadisələrin tərənnümünə həsr olunub. Həmin şeirləri oxuduqca həmin müqəddəsləri xatırlayırsan , onlara qayıdırsan. Və xatırlacıqa, düşündükcə  ruhun təzələnir, səndə nastolji hisslər oyadır, adamı o yerlərə qayıtmağa, o  anları yaşamaqa səsləyir:

Niyyətimlə qoşalaşdım,

                                                    Göy Türfəni öpdüm, keçdim.

                                                    Ziyarət etdim dostları,

                                                    Müşkülümnən ötdüm, keçdim,

                                                    Keçdim müqəddəs dərəmi-

Gah hücrəni, gah hərəmi.

                                                    Yandı ürək köz-köz oldu,

                                                    Xatirələr cüt göz oldu...

Rafail müəllimlə tez-tez ünsiyyətdə oluram və mənə elə gəlir ki, şeirlərini oxuyanda onu daha yaxından tanıyirsan, iç dünyasına, tər-təmiz, saf xarakteri, xeyirxah , mərhəm düşüncələri ilə  daha yaxından tanış olursan. Düşünürəm ki, onu oxuculara sevdirən də, elə bu xarakterdən, bu duyğulardan yaranan  şeirlərdir. Şeirləri sadədir, səmimidir, koloritlə, etnoqrafik nümunəlrə zəngindir. Oxucu ilə çox asanlıqla təmas –dil tapır. Oxucu demək istədiklərini onun şeirlərində tapır.Uzun illərdir Bakı şəhərində yaşamasına baxmayaraq, danışığını da ləhcəsini də dəyişməyib. Məncə dəyişməyə heç cəhd də eləməyib. Onunla görüşəndə , ünsiyyətdə olanda elə bil İncə dərəsindən dünən gəlib. Onunla ünsiyyətdə olanda  Qazağın, İncədərəsinin ab-havasını, şirinliyini hiss edirsən.

                                                     Sənsən andım, sənsən adım,

                                                     Sanım ay Qazax, ay Qazax!

                                                     Yüyrüyümdən bəri gələn,

                                                     Sonum ay Qazax, ay Qazax!

 

                                                     Məni də sal varağına,

                                                     Bir küncünün qırağına.

                                                     İncə adlı budağına,

                                                     Qonum ay Qazax, ay Qazax!

                                                     ... Səcdəgahım, Qibləm, Pirim,

                                                     Yönüm ay Qazax, ay Qazax!

 

Rafail İncəyurdun yaradıcılığının böyük hjissəsini ictimai məzmun kəsb edən şeirlər təşkil edir.Onu narahat edən problemlər təkcə ətrafında, onu əhatə edən mühitdə, aləmdə baş verən proseslər, haqsızlıqlar, ədalətsizliklər deyil, həm də dünyanı narahat edən problemlərdir. Bu problemləri qələmə almaq istəyi onun içindən baş qaldırır, kükrəyir  və sonra bu  hisslər şeirə çevrilir.

Şah Abbasın nağılından bu yana

Hökmü olan ağlı kəmdən qorxuram.

Bu dünyanın gedişatı bilinmir,

Heç bilmirəm kiməm, kimdən qorxuram.

 

Yaşının müdrik çağına qədəm qoyan Rafail İncəyurd hesab edirəm ki, müdrik bir şair kimi bu gün dünənkindən daha məhsuldar fəaliyyət göstərir, daha məhsuldar yazıb-yaradır . Onun əsas mətbəəsi, yazı masası olan feysbook sosial şəbəkəsində demək olar ki, hər gün yeni şeiri ilə tanış olursan. Bu şeirləri mən müdrik yaşın müdrik şeirləri adlandırardım. Həmin şeirlərdin son vaxtlar yazdığı bir şeirindən nümunə gətirmək istədim:

 Tükənmirsə yaratmağın həvəsi,

                                              Duyulursa gələn yazın nəfəsi,

                                              Çağlayırsa sevgilərin zil səsi

                                              Dərdin səsi pəs deyilmi, İncəyurd?

                                              Ömür-gündü şeir-şeir sökülən,

                                              Susur, dinmir abırına bükülən…

                                              Qara geyib ağ kağıza tökülən

                                              Vaxtdan gələn his deyilmi, İncəyurd?

                                              Can deyilmi eşq əhlinə bəslənən?

                                              Ruh deyilml gecə-gündüz süslənən?

                                              …Nədir belə uzaqlarda səslənən?-

                                              Göydən gələn “SOS” deyilmi, İncəyurd?”

 Rafail İncəyurdun poeziyasına oxuduqca, bu şeirlər sənə sanki dastan danışır. Ona görə də onun yaradıcılığından ətraflı yazmaq üçün  bir dastan yazmalısan.Bu isə gələcək tədqiqatçıların üzərinə düşür. Elə ona görə də ona olan azularımı onun öz duaları ilə tamamlayıram:

 

Sevgi – körpü, sevgi – tağ,

                                             Sevgi – hörgü, sevgi – bağ…

                                             Hər sinndə nəsə quraq –

                                             Dilək gəlsin yaş üstə...

...Tanrım, pozma gərdişi,

                                             Qoy bitirək hər işi.

                                             Yaxınlaşan 70-i

                                             Hələ yazma daş üstə.