Şakir Xanhüseyndən İKİ ŞEİR  

Ədəbiyyat 11:50 / 28.06.2024 Baxış sayı: 698

***

Barmaqlar, oxuyun bir ağız,

simlər oxuyun;

daha nələr, daha kimlər, oxuyun;

indi növbə sizdədi,

oxu, kəmanə,

mizrab-təzanə, oxu!

qoy kamana oxu

oxu;

kaman, oxu!

ey Tar, vermə köpüklənmiş ağızlara aman, oxu!

başla bir aman-aman, oxu!

Qurban olum, a saz,

düşmüşəm bir az nasaz, oxu,

Ney səsi,

daha yox niyəsi, oxu!

***

BİR AZ AÇIL DÜNYAYA

sıxılırsan?

bir az açıl dünyaya-

çöl-bayıra açıl, dağ-daşa açıl,

bir dosta, yoldaşa açıl...

uzaqda olub da

yaxında görün;

hər yanda görün, hər yanda!

hə, sıxılırsan açıl,

bu genişliyə, darlığa açıl,

cana, qəlbə, sevgiyə-

diriliyə açıl, diriliyə!

bir addıma açıl ki,

yollar gəlsin ayağına...

bu nurlu səhərə açıl,

açıl bir gecənin ay işığına!

bir qonşuya, evə get

açıl bir süfrəyə,

bir bağlı qapıya açıl,

sünbül-sünbül

buğdaya, darıya açıl!

açıl bir zərrəyə, bütövə açıl,

yeyəyə, çaxmağa, bülövə açıl!

bir kəndin havası vursun başına,

təndirə, tabağa, kösövə açıl!

hə, sıxılmısan?

haydı,

bir yay açılmağa fürsətdi, bilsən,

bax, düşüb əlinə girəvə, açıl!