Bilik, yoxsa bacarıq? — Deputatdan nazirin fikirlərinə REAKSİYA

Elm 18:05 / 28.06.2024 Baxış sayı: 670

 

 

"Əvvəllər bilik daha önəmli sayılırdı, indi fərqli bacarıqlara daha çox üstünlük verilir"

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" innovasiya festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib. 

Nazir bildirib ki, şagirdlərimizin koqnitiv bacarıqları kifayət qədər yaxşı olsa da, müşahidələr göstərir ki, onların iş həyatına atılmaları üçün lazımi praktiki bacarıqları yetərli olmaya bilir. 

Yenises.az  xəbər  verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında deputat Tahir Rzayev bildirib ki, bilik və fərqli bacarıqlar, bunlar hər ikisi sintez olmalı, cilalanmalıdır. 

Tahir Rzayev qeyd edib ki, bilik olmadan fərdi qabiliyyət təkmilləşdirilə bilməz:

“Dövrün reallıqları var və o reallıqlar qəbul olunmalıdır. Əvvəl bu qədər informasiya şəbəkəsi, bu qədər yüksək səviyyəli texnologiyalar yox idi deyə müəyyən qaydada problemlər yaranırdı. İnsanın biliyi, qabiliyyəti və savadı olmalıdır ki, o fərdi bacarığını və peşəkarlığını artıra bilsin. Nazirin ola bilsin yanaşması müxtəlif hallarda olub. Amma hər bir insan elmli, bilikli olmalıdır ki, fərdi qabiliyyətini göstərə bilsin. Yoxsa biliyi olmayan adam fərdi bacarığını necə nümayiş etdir bilər? 

Peşəkarlıq olmasa, fərdi bacarığı göstərmək mümkün deyil. Bu bir yerdə sonra problem yarada bilər. Mənim baxışım budur. Çünki hər ikisi önəmlidir. Nazir əslində düzgün buyurur ki, həm bilik lazımdır, həm də bacarıq. Bilik və fərdi bacarıq sintez şəkildə olmalıdır. Məsələn, bir insanın gücü, qüvvəsi, həvəsi var, amma o məşqlər etməsə idmançı ola, yarışlarda qalib gələ bilməz. O baxımdan bilik də belədir. Bilik təkmilləşdirilməlidir. Istedadlı, qabiliyyətli insan öz biliyi üzərində işləməlidir, onu müəyyən üsullarla formalaşdırmalıdır”.