Qəşəm İsabəyli : -- SON GÖRÜŞ

YAZARLAR 14:39 / 04.11.2024 Baxış sayı: 391

 

 

27 ildən sonra evimizə gedirdim. Yol asfalt, maşın “Mersedes”, özümüz də ahıl...– əmioğluyla mən. Tiflisdən Qazaxa qayıdanda kəndimiz yadıma düşmüşdü.

–Ay İsmayıl!

–Hə?

–Maşının ağzını çevir Körpülüyə.

–Nə danışırsan, Şəmistan ?!

–Vallah!

–Bilirsən, Körpülüdə indi ermənilər yaşayır?!

–Yaşasın da.

Quş kimi uçurduq. Bir azdan yol məni yuxu kimi necə tutmuşdusa, iyirmi yeddi il sənə zarafat gəlməsin, hər şey yadımdan çıxa-çıxdaydı, anam gəlib durmuşdu gözlərimin qabağında – eyvanda bardaşqurma oturub, bir yandan fətir kəsir, bir yandan islağa qoyduğu qurutu əlləyir, hərdən yanındakı qazanda bişən çolpa çığırtmasını qarışdırıb, tez-tez də yola boylanırdı.

Haçan kəndə qayıtsaydım, mütləq xəngəl bişirərdi. Son dəfə, artıq əllərini əsməcə tutmuşdu, hiss eləyirdim ki, səbri də azalıb, xörəyi bir az quru çıxmışdı:

–Ay ana... – səsimin tonundan fikrimi tutmuşdu.

–Ay Şəmi, maşallah, otuzu keçmisən ey, günahı o yan-bu yanda axtarma!

–Deyirsən, ağzımın dadı qaçıb?!

–Özün dedin ki!

–O boyda yox da, ay ana.

–Qağan canı, tələsidim, qazanın dibi çaldı. Hələ bir həftə yanımdasan, o qədər xəngəl bişirəcəm, bezəcəksən!

Əsgərliyə getdiyim gün də elə bil dünən olmuşdu. Halbu ki, üstündən nə az, nə azacıq, düz 50 il ötürdü.

–İraq səndən, ay bala, atanı ağlaya-ağlaya yola saldım, müharibəyə gedirdi, hələ də gözləyirəm. Sənin əsgərliyindən arxayınam, Allah qoysa, gedərsən, tez də qayıdarsan! Amma özündən muğayat ol, bala, səndən başqa kişi iyi gələn yoxdu evimizdə. – Anam məni kəndimizin ayağınacan ötürüb, durub dalımca baxırdı.

Əsgərlik də bir göz qırpımında gəlib keçdi. Bakı-Qazax avtobusundan yerə atılıb, pay-piyada düşmüşdüm yola. Onda düz-əməlli yol nə gəzirdi, maşın nə gəzirdi. Yarım saat getmişdim-getməmişdim taqqa-tuk tələkə bir dranqlit dayandı yanımda:

–Ayə, Körpülüyəmi gedirsən?! – Qapını üzümə açıb, sürücü bağırdı.

–Yol özü aparır. – Zarafat eləmişdim.

–Yo-ox-yo-ox... səni tək buraxmaq olmaz. Allah itələyib salıb qabağıma, naz eləmə!

Bayaq maşına tullanmışdım:

–Yaman dedin, ha!

–Nəyi?

–Nazı!

–Ha... ha... ha... Qardaşoğlu, dədəni tanımıram – canına and içim, öz canım haqqı, Allah boynuma döyə-döyə yolumu burdan saldı ki, qohum-qardaşını tez sevindirəsən. Neçə dəfə sınamışam, xalq nəyə inanıbsa, düz çıxıb. Səhər evdən tərpənəndə bağçamızda sağsağan başını yolurdu – qırrr... qırrr... – Bildim ki, xeyirliyədi. Muştuluğun mənə çatasıymış.

Bir saatdan sonra doqqazımızın ağzında dayandıq:

–Bax, dostluğumuz təzə başlayır, aramız dəyər ha, cırtqozluq eləyib, dalımca atma özünü yerə! Mayamı batırar-san! – Sürücü cəld maşından düşüb, girdi həyətmizə.

–Ay bacı, adam gözləyənə oxşayırsan?!

–İyirmi beş il, üstünə də gəl 3...

–İyirmi səkkiz desənə!

–Onun iyirmi beşini ərimi gözləyirəm, üçünü də oğlumu!

–Ərinə söz verə bilmərəm, yalançı çıxaram, qağam canı, muştuluğumu versən, gedib oğlunu bu dəqiqə gətirərəm.

–Canımı da qurban eləyərəm!

–Başımı bişirmə, candan muştuluq olmaz.

Bir də gördüm həyətdəyəm:

–Ana-aa!

–Ayə!.. – Sürücü bağırdı.

–Can, bala! – Arvad bağrına basdı məni. –Soldat iyi verən canına atam qurban, anam qurban, canım qurban!

–Ay bacı, qurbanlıqları sonraya saxla, gecəyə salarsan məni! – Sürücü səbrsizlik elədi.

Anam cəld gedib girdi dama. Bir badya dənlə çıxdı.

–Ay əsgər, anan deyəsən, mənə toyuqdəni verəcək?

– Düüt... düt... düt... – Toyuq-cücə, qaz, hinduşka çığırışa-çığırışa qaçıb yığıldı ar¬vadın başına. Əl atıb yekə bir hinduşka tutdu. – Bu da sənin şirinliyin!

–Bəs bunun metrikası-zadı yoxdu?!

–Metrika nədi? – Anam təəccüb elədi.

Gülüb, əl atdım cibimə:

– Bu yarıyar?! – Bir 10-luq uzatdım.

–Day sərhəddə saxlamazlar məni! – Sürücü pulu cibinə, hinduşkanı da kabinəyə qoydu. – Üç savaba batdın, ay soldat, həm cibim isindi, həm ürəyim isindi, həm də qulaq yoldaşı verdin mənə. Elə hey fikirləşirdim, tək necə qayıdacam geri. Bu hinduşla evimizəcən söz taparam danışmağa.

–Ay qağa, otursana, bəlkə bir-iki tikə... – sözümü ağzımda qoydu:

–Pisdi xasiyyətim, qardaş oğlu, özümə arxayın deyiləm, yüzdən-yüzəllidən vurandan sonra pulu da qaytarıb basacam cibinə, hinduşu da atacam həyətə! Məni yolumdan eləmə, getdim, salamat qal!

–Yaxşı yol!

Əmoğlu məni fikirdən ayırdı:

–Ay Şəmi, çatırıq ha! – Tini burulub, evimizin damını görəndə ürəyim atlandı:

–Oxay!

Açıq darvazadan həyətə girdik. Əmoğlum maşını saxladı:

–Ay ev yiyəsi!

Tanımadığım bir kişi çıxdı eyvana.

–Bu erməniyə oxşayan kimdi, ə?!

–Arşavirdi, tanımırsan?

–Nə Arşavir?

–Evin sahibi?

–Bəs anam?!

–Nə ana?! – Heyrətlə üzümə baxdı. – Bura Körpülüdü, ey, əmioğlu!

–Bilirəm də!

–Ananı beş il qabaq Bakıda dəfn eləyib, burda gəzirsən?!

–Bah! – Əlimi alnıma vurdum. – Səhərdən...

–Düş, görək!

–Hara?

–Hara gəlmişik, ora.

–Mənim düşəsi halım yoxdu.

–Nə danışırsan?!

–Əmoğlu, sənin canın haqqı, Körpülü yoluna burulandan fikrim anamın yanındadı. Elə bilmişəm onu görməyə gedirəm!

–Xoş gəlmisiniz! – Bir də baxdıq Arşavir kişi maşının yanında dayanıb. Tez atıldım yerə. – Evə qalxsanız!

–Yox, qayıdacağıq!

–Bir stəkan çaya nə deyirsiniz?! Tut arağım da içənə, qapıda hinduşkam da yeyənə tamarzıdı. Çörəyim də, Allaha şükr, hələ ki, var!

–Çox sağ ol, Arşavir kişi, gedəcəyik.

–Ayıb olmasın, bəs niyə gəlmişdiniz?!

–Gəldik də.

–Kim olduğunuzu da bilmədim axı?

–Bu, mənəm, Şəmistan... – sözümü ağzımda qoydu!

–Xoş gördük, xoş gördük, ay Şəmistan can! Vallah, səni gözləyirdim elə. Gözləyirdim ki, ölüm-itim dünyasıdı, gələsən, halallıq alım səndən. Təzə-təzə bizim ermənilər Ermənistana, Azərbaycan türkləri də Azərbaycana köçməyə başlamışdı ha, onda anan gəlmişdi. Dedim, bacı, gəl bunu sat mənə. Dedi, Arşavir kişi, öz evimi necə satım, əlim gəlmir, sata bilmərəm. Nə qədər ömrün var, yaşa. Hiss eləyirdim ki, arvadın geri qayıtmaq ümidi var. Necədi, ay Şəmistan, nə təhərdi?

–Anam?!

–Hə.

–Haçandı rəhmətə gedib.

Arşavir kişi tutuldu:

–Nə danışırsan?!

–Vallah!

–Allah ona rəhmət eləsin! Gündəkindən dinc yatsın. Görən kimi gördüm halal arvaddı! İndi belələri yoxdu, ay Şəmistan can.

–Arşavir kişi, mən də həm anamın, həm də özümün adımdan halallıq verirəm sənə. Bu ev, bu həyət halal xoşun olsun! Ürəyin istəyən kimi yaşa. İndən belə bizi Ermənistana qoyan kimdi, qayıdıb gələk. Qocalarımız ölüb, cavanlarımız da yığışıb Bakıya.

–Axı sənə evin pulunu vermək istəyirdim, bu evdə rahat yaşayım.

–Öz evin kimi yaşa, halal xoşun olsun!

–Ay bala, Çardaxlıda kimdən soruşsan ki, Arşa¬vir kişinin evi hardadı, barmaqla göstərəcək. Get, onu götür, istəyirsən sat, istəyirsən gir içində yaşa! Halal xoşun olsun! Sən mənə neyləmisən, mən sənə neyləmişəm?! Ay Şəmistan can, daha mənim də Azərbaycana qayıdası halım yoxdu, bir ayağım qəbirdədi. Yaxşı ki, halallıq verdin mənə. Vallah, tikan üstündə oturmuşdum. İndən belə ölsəm də dərdim olmaz!

06. 04-09.05.2015

Bir ağac və ot şəkili ola bilər