Saqif Qaratorpaq : - Bu da nikbin şeir...
Sən elə şeirsən ki ha yazsam da bitməzsən!
Ömrümün sonunacan havalı dolanaram.
Su deyib inildəyən bir çiçəkdən ötəri
Içimdən qırılaram,gözümdən bulanaram.
Damla-damla süzülüb,deşib daşı gələrəm,
Bir dəfə pıçıldayıb qırıq-qırıq “gəl”-desən.
Vecimə də almaram qışı,qarı,ayazı;
Qönçələnib gülərəm bircə yol gülümsəsən.
Misra-misra boy verər xəyalımda surətin,
Rəsmini gecə çəkib ürəyimdən asaram.
Dan yeritək qızaran gözlərimdə doğarsan,
Alın yazısı kimi hər gün səni yazaram...
Bilirsənmi,bənövşəm,ömrüm qara qələmdi,
Nə yaxşı sən çıxmısan qismətinə,bəxtinə.
Götürüb bircə söz yaz könlümün varağına,
Üşüyürəm...isinim əlinin istisinə.