Kəramət : - Vaxtında sevilməmək...
YENƏ DƏ MƏNƏ GÖRƏ
Sən mənim qədrimi biləsən deyə
bu cavan yaşında ölümmü indi?
-Niyə ölürsən ki, Əli (Kərim ) müəllim, neynirsən ki, bu zir-zibilin sevgisini,-deyərdim.,-vaxtında sevilməmək normaldı...sevilsəydin təəccüblü olardı....
Ya da.. şair qardaşın Məmməd Araz səndən sonra belə bir poetik qənaətə gəldi;
Mən çatanda taleyimin son döngəsinə
Sənə verrəm bu dünyanı Günəşli-Aylı.
Nə fərqi var, haray salıb çırrpsan dizinə
Ya qəlbində pıçıldasan: "Gözlərim aydın "
Doğrudan da nə fərqi var ki, sən öz şərqilərini oxu..Bütün dünya ədəbiyyatına, elminə nəzər yetirsəniz eyni taleyi, bənzər mənzərələri, şəkli-cəza alətləri dəyişən hadisələri görərsiniz.
Mən həmişə çoxluqdan qorxmuşam, yeyib-içmək məclislərinin də xudmani olmasını istəmişəm. "Xaosun harmoniyası" poemamda belə bir misra var: "Yaman qorxuludu kütlə sevgisi".
Tələbəlikdə səhnəyə çıxıb şeir oxumağımı çıxsaq, rəsmən Çingiz Əlioğluyla oxucuların görüşünə gedib tribunaya çıxanda düşündüm: "Axı, bu qədər adamla neçə söhbət edə bilərəm, axı bu qədər adam adamı necə sevə bilər?" Dönüb... artıq görkəmli şair olan Çingiz müəllimə mən gənc şair baxanda.. nəsə dedi və ürəkləndim. Amma bu hiss məni indi də tərk etmir: "Axı, bu qədər adam adamı necə sevə bilər?"
İndi də..hətta f/b-də bəyən-ən çox olanda..duruxuram.
Sevilmək istəyi başadüşüləndi, bundan ötrü roldan rola girmək, özünü özündən çıxarmaq məqbul sayılmaz, nəticəsi də "Namussuzam ki, namusluyam" filminin qəhrəmanı gününə düşərsən.
Hamının sevimlisi olmağa çalışanların, hamının əzizlədiyi obrazın
ciddiyə alınacaq, maraq doğuracaq heç bir tərəfi yox .
Bəlkə siyasilərə yarar, amma bu hakimiyyət uğrundakı xırda oyunlardan o yana getməz və nəticədə diktatorluğa yuvarlanar, axı, mütamadi olaraq həmişə xalqın artan tələblərini ödəyə bilməzsən, hakimiyyətini qorumaq üçün O-nu bir tikə çörəyə möhtac halında, beynini gündəlik aldatmacalarla bəslərsən. Onunçun "hadisələr" düzəldib gündəmini də özün bəlirlərsən.
Əlində Güc tutan yenilikçi siyasət isə kütləylə eyni duyğu-düşüncə müstəvisində hərəkətə özünü məcbur qılmaz, xalqı irəliyə daşıyacaq iqtisadi-siyasi-elmi ideyalar və bunu həyata keçirəcək mexanizmlərə meydan verər...
Siyasətçinin çoxluğa , tribunaya oynamasını qəbul etmək, normal qarşılamaq gərəkdir. POPULİZM ömrünün son çırpınışlarını yaşasa da siyasi ədəbiyyatda aktivliyini qoruyur.
Bədii düşüncə, elm topluma, tribunaya oynamaz, heç bunu ağlının ucundan keçirməz..Bədi-elmi yaradıcılıq sistemlilik, ardıcıllıq, tutarlılıq və davamlılıq üzərində bərqərar olar. Umurunda olmaz ki, O-na daşmı, çiçəkmi atırlar. Adətən, tarixin "nadinc, sevilməyən şagirdləridi" istedaD Sahibləri. Yaşadıqları sinifdə-cəmiyyətdə nəinki sevilməz, zaman-zaman müxtəlif cəzalarla "mükafatlanarlar".
Sevilməyə çalışmağın psixoanalizində sevgisizliyin gətirdiyi qırılmalar var; çoxluqla uşaqlıq travmalarından qaynaqlanır-ÖZÜNÜ BAŞQALARINA GÖSTƏRMƏK, SEVDİRMƏK CƏHDLƏRİ. -Oyunbazlıq edər, cilddən-cildə, rəngdən-rəngə..uşaqkən yaşanmış sevgisizlik, sayğısızlıq ona əzab verdiyindən hayıfını çıxmaq, əvəzini almaq istər, elə hey şəkil çəkdirər, tədbir-iclas-mükafat-alqış üçün hər şeyə hazır. Bu psixoloji halın-sevimli olmaq ehtiyacının və bu uğurda qazanılan nailiyyətlərin istedad-bacarıq-elm-yeniliklə zərrə əlaqəsi yoxdur.
Şöhrət düşgünlüyü tipoloji eynilikləridir.
Sevilməyəndə isə cığallıq edər, diqqət yetirilməyəndə qatığa qara deyərlər, əlindəkini sındırarr ki, ona diqqət yetirsinlər, yəni dədəsinin gözünü çıxarar ki, təki ona "Korun Oğlu" desinlər.
Yaxşı hürməyəndə üstünə çımxırarlar, yaxşı hürsən ballıca yallanarsan. Bunu anlamalısan, özü də çoxdan.
OXUYUB-ÖYRƏNDİYİM İSTEDADLAR ARASINDA, DÜNYANIN HARASINDA, HANSI ZAMANDA YAŞAMALARINDAN ASILI OLMAYARAQ QIRILMAZ RABİTƏ, BAĞ GÖRDÜM. Mən o sapa-ipə-bağa ruhən-fikrən toxundum, hətta..
Karlos Ruiz Zafonun "Küləyin kölgəsi" romanını oxuyanda çoxdan vardığım qənaət bir daha özünü xatırlatdı. Əsər yazılış tərziylə mürəkkəb bədi kombinasiyalardan ibarətdir və adamı qovur öz arxasınca. Q. Q. Markesin əsərləri də maraq cazibəsində saxlayır adamı..Bundan sonra xatırladım ki, kimsə bu əsəri oxumağı məsləhət bilmişdi.. Həə..müsahibələrini birində elə Markes demişdi.
Kütlə çoxluq ona görə yaranıb ki, dünya boş qalmasın, onlar sıradan, kölələrdir. Siz sıradan olmayanlara baxın, əlbəttə, vaxtınız onların vaxtıyla tərs düşməyirsə.