Əlisəfa Azayev : - OVÇU PİŞİK
...Hadisənin sonrakı günləri də müstəntiq İnqilab Hacıyev həmin həyətə gedər, hadisə yerinə baş çəkərdi. Gördükləri, müşahidə etdikləri hələlik onda dumanlı bir təsəvvür yaratmışdı, qəti qərara gələ bilmirdi. Prokuror isə onu tələsdirdi. Cinayət işi qaldırılmışdı. İstintaqı ləngitmək olmazdı. Yekunlaşdırmalı, ittihamnamə yazmalı idi.
Ancaq bu ölümə görə kimi təqsirləndirməli, ittiham etməli idi? O, bir müstəntiq kimi hər şeydən əvvəl onu əhatə edən mühitə açıq gözlə nəzər saldı. Burada çox şey əvvəlki kimi idi. Bir ovçu pişiyin gəlişindən başqa. Onu da sahibi bir neçə gün əvvəl alıb gətirmişdi. Lakin bu məsələdə çox şeyləri sirr saxlayırdı. Pişiyi kimdən, neçəyə, hansı qiymətə almasını. Bu səbəbdən də pişiklə əlaqədar kənddə şaiyələr baş alıb getməkdə idi. Əslində pişik də adi pişik deyildi. Pələng, vaşaq cinsindən olan bu pişik əsl ovçu idi. Bir göz qırpımındaca ora-bura şığıyar, oğrun-oğrun hərəkət edər, sonra da hansı hündürlüyə hoppanmazdı?!. Səslər eşidilərdi:
- Əla tullanmağı var.
- Görürsən də...
- Sıçrayır ha...
- Turacı, göyərçini, başqa quşları da elə beləcə tutur...
- Qırqovulu tutanda öz gözlərimlə görmüşəm.
Ovçu pişiyin gəlişindən sonra Səmədin ağzı dada gəlmişdi. Bolluca quş əti yeyirdilər. Hətta arada qohum-qonşunun toyuq-cücəsini də çırpışdırdığı anlar olmuşdu. Anca qızının beləcə vaxtsız ölümü hər şeyi korladı da.
Bu səbəbdən qanıqara idi. Üz-gözünü saqqal basmışdı. Müstəntiqlə rastlaşanda kefi yox idi. Heysiz halda əlini ona uzatdı:
- Salam...
- Sabahınız xeyir...
- Deyirlər ki, bu turac da tutur?
- Hə...
- Bir yoxlayaq da...
Pişik isə başa düşübmüş kimi onu qanlı-qanlı süzməkdə idi. Hətta arada ağız-burnunu, sallaq bığlarını yalamağa başladı:
- Təmizkar pişiyə oxşayır.
- Belə də...
- Bunu haradan əldə etmisən ki?
- Tapmışam.
- ...
- Rayona gedəndə yolda gördüm... Evə gətirdim.
- Deyirsən ki, orada birisinin olar? Sonra azdırıb? Sahibini tapsaydıq çox yaxşı olardı.
- Bəlkə, elə yolla keçəndə maşından tullanıb, ya da atıblar.
- Ovçulardan da qala bilər.
- Olar...
Bu an birdən pişik cəld irəli cumub, ehtiyatla irəli yeridi... Lap sürünə-sürünə... Marıtdamışdı ha... Nəsə gözünə dəymişdi.
Pıçıldaşdılar:
- Yəqin sərçə görüb...
- Sığırçın da ola bilər...
Ancaq bu sıçrayış, ov heç bir nəticə vermədi. Geri qayıdırdılar ki, yenə də eyni mənzərə, eyni hərəkətlər... Pıçıldaşdılar:
- Deyəsən, bildirçin görüb...
- Hə... Oxşayır...
Elə bu an o qırğı tək irəli tullanaraq havaya qalxmaq istəyən bildirçin o an əlləri ilə yerə salıb tutdu...
Səsləndilər:
- Əhsən!..
- Əsl ovçudu!..
- Bunun bir beləsini mənə də tapsaydın pis olmazdı.
- Xoşuna gəlir apar da... İtirmişdim ki tapım...
- Lap pulunu verərəm...
- ...
- Nə qədər istəsəniz...
Dərdli ata dilləndi:
- Bilirəm... Onsuz da mənə inanmayacaqsınız. Yəqin çoxları kimi siz də hesab edirsiniz ki, mən onu haradansa almışam. Yox... İnanın... Dedim də...
- Yaxşı-yaxşı... İndi bu bildirçini neyləyək?..
- Yaralıdır... Burax getsin, sağalar...
Bildirçinə baxanda hər ikisinin əli onun qanına dəydi, quşu xeyli sığalladılar, oxşadılar:
- Xoşbəxt quşdur...
- İndi yox...
- Əlbəttə ki...
- ...
- Müqəddəs kitabımızda onun adı çəkilər. Özü də bir neçə yerdə...
- Hə... Mən də oxumuşam. Tərcüməsində.
- Elə mən də...
- Yaxşısını mollalar, axundlar bilər. İzahı verilir də.
- O vaxtlar belə işlər olanda bir o qədər əziyyət çəkməyə, araşdırmağa ehtiyac qalmırmış. Allah məhkəməsi varmış. Şübhəli şəxsə and içdirirlərmiş, o da həqiqəti deyirmiş.
Səməd heyrətləndi:
- Birdən əsl həqiqəti demədi? Hamı bir deyil ki. İmansız olanlar da var.
- Onda bu ən böyük günah hesab edilirmiş. Belələrini ən ağır cəza gözləyirmiş. Şaqqalamaq, odda yandırmaq, suya atmaq...
Ev sahibi gülümsədi:
- İndi siz də məndən şübhələnirsiniz də ?
- Şübhələnmək deyəndə ki, buna az-çox özününüz şərait yaratmısınız.
Həyətdə bir gedər əyləşib, ikilikdə söhbət etdilər. Arada qızının öldüyü yeri ona göstərdi. Bura ayaqyolu ilə evin arası idi. Hər iki tərəfdə dəmir tor vardı. Toyuqların keçməməsi üçün. Müstəntiq bir anlığa düşündü: “Həmin gün hava küləkli idi. Elektrik naqili toxuna, qısaqapanma ola bilər...” Lakin ətrafı nə qədər gəzib dolansa da, buna şərait yaradan elə bir mənzərə görmədi, diqqətini cəlb etmədi.
Müstəntiq iydə ağacının kölgəsində gəzindi. Onun çiçəklərindən dərib qoxladı: “Deyirlər ki, bunun tərkibində efir yağı var...” Şahid ifadəsində də bu barədə deyilirdi. Qızın əlində həmin güldən varmış. Başqa bir şahidin ifadəsi onun üçün xüsusilə əhəmiyyətli idi: “Mən həyətə çatanda qızı gətirdiklərini gördüm...” Sual doğurdu: “Haradan gətirəndə gördün?” Həmin adam tutulub qalmış, aydın bir söz deyə bilməmişdi. Düşündü: “Bəlkə, qız başqa bir yerdə dünyasını dəyişib?”.
Odur ki, soruşdu:
- Qızınız harada tələf olmuşdu?
- Elə burada...
- Vəfat etmişdi?
- Hə...
- Ölmüşdü?!
- Mən lap haldan çıxarırsınız ey. Bu mənasız suallar nəyə lazımdı?
- İstintaq araşdırmasında mənasız suallar olmur. Hər məsələyə aydınlıq gətirilməlidir.
Bağda, çəmənlikdə əyləşərkən də bu barədə söhbətləri oldu. Hətta müstəntiq həmin qonşuları, şahidləri çağırtdırası oldu. Onları bir-bir dindirəcəkdi. Özü isə öz-özündən soruşurdu: “Bəs sənin... Sənin daxili inamın necədi? Düşündüklərinə inanırsanmı?”.
Onun üçün süfrə də açdılar. Bu arada pişik ondan əl çəkmirdi. Hey ona qayğı göstərirdi. Onun atdığı çörək tikələrini, ət, kolbasa, pendir parçalarını elə həvəslə yeyirdi ki. Gülümsədi:
- Pis pişik deyil... İştahadan da yaxşıdı.
- Nə versən yeyir... Daşdan yumşaq.
Müstəntiq lap ağ elədi:
- Bu koka-koladan da ona verək. İçsə, deməli imakanlı adamların əhatəsində olub.
- Verək də...
Pişik nəyinki ondan, hətta fanta da içdi. Kefqom pişik idi. Yeyib-içəndən sonra elə ağız-burnun, üz-gözünü yalayırdı ki, adam lap mat-məəttəl qalırdı. Özü də elə qorxulu vücudu, baxışı vardı ki... Kül rəngində idi, torpaqdan seçilmirdi. Sanki hərdən gözəgörünməz olur, adamın diqqətini cəlb etmirdi.
Səmədin həyat yoldaşı Güldəstə bayaqdan için-için ağlamaqda idi. Onun ağlar səsini eşitdiyi üçün müstəntiq iştaha ilə çörək də yeyə bilmədi. Qadının birdən yanıqlı, incik səsini eşitdi:
- Qızımı öldürdülər... Mənim onu heç kimə vermək fikrim yox idi... Bir də ki, nə yaşı vardı axı... Hələ orta məktəbdə oxuyurdu...
Müstəntiq soruşdu:
- Bu nə sözlərdi?
- Anadı da... Elçiliyə gələnlər vardı. Vermirdik.
Qonşuların gəlişi bu söhbətə son qoydu. Müstəntiq onlarla əl verib görüşəndən sonra dedi:
- Qonaq olun...
- Yox... Çox sağ olun...
- Onda su için...
- Hə... Su içərik...
Bir azdan süfrə yığışdırıldı. Müstəntiq şahidləri bir-bir dindirəsi oldu:
- Bax, cənab, siz... – deyə müstəntiq yaşlı kişinin ifadəsini onun üçün oxudu. Göstərmisiniz ki, qızı ayaqyoluna tərəf gedəndə əlində gül görmüsünüz... Özü də iydə çiçəyi... Qoxulaya-qoxulaya əvvəl həyətdə gəzinirmiş...
Kişi sözlərini danan kimi oldu:
- Mən elə sözlər deməmişəm... Yazıblar da...
Müstəntiq ciddiləşdi:
- A kişi, daha bu qədər yox da...
- Demişəm, deməmiş olub...
- Bu məsuliyyətdi, cəzalandırılır...
İkinci şahid, orta yaşlı qadın da şahid ifadəsini danmağa çalışdı:
- Dedilər, bir də təsdiq elədik də. Demişik, deməmiş olaq. Dünya dağılmayacaq ki. Niyə heç nədən ortalığa qanqaraçılıq düşsün. Od qonşusuyuq. Neçə ildi bir küçədə, məhəllədə yaşayırıq.
Müstəntiq hirsindən güləsi oldu:
- Ay anam, bacım... Sizə nə deyən var ki? Bundan da yaxın, mehriban olun. Söhbətin məğzini dəyişməyin ey. Olan şeylərdən danışın. Bu işdə siz şahid keçirsiniz. İfadənizdə yazmısınız ki...
Qadın o an dilləndi:
- Mən heç nə yazmamışam...
- Yaxşı, siz demisiniz, yazıblar... Axırı bu sözləri demisiniz... Demisiniz ki, qızı ayaqyolu tərəfdən gətirdiklərini gördünüz?
- Yox...
Müstəntiq dilxor halda başını tutaraq üçüncü şahidi dindirəsi oldu. Cavan olsa da, onun qulağı ağır eşidirdi. Hey soruşurdu:
- Nə deyirsiniz?!.
- Danış... Müstəntiqə verdiyin ifadəni təkrar elə.
- Mən heç nə deməmişəm.
- Bəs bu yazılanlar?! Qol çəkmisən, imzalamısan axı!..
- Xəbərim yoxdur...
- Belə deməklədi bəyəm, qanun-qayda var! Araşdırılacaq! Yalan deyirsənsə, cəzalandırılacaqsan!
İstintaq işində oyun oynamaq, müstəntiq dəyişmək belədi də. Prokuror bu məsələdə ciddi səhvə yol vermişdi. Müstəntiq Aydın Əliyev işin çoxluğunu bəhanə gətirib, işdən imtina edəndə, buna yol verməyəydi gərək. İndi odur ki, çətin vəziyyətdə qalan o idi. İş sanki düyüm düşmüşdü. Şahidlərin beləcə ifadələrindən imtina etməsi səbəbsiz deyildi. Həbsdə də üç cavan oğlan saxlanılırdı. Üçü də vaxtında Gülpəri, Könül üçün elçi göndərən oğlanlar idi.
Şahidlər gedəndən sonra müstəntiq həyətdə lap tək qaldı. Səməd həyat yoldaşı özünü pis hiss etdiyi üçün onun yanana qalxmışdı. Bir azdan Vəli mal-qaranı həyətə gətirdi. Camışların iri buynuzlarına, inəklərin yaraşığına, qoyunların quzularına baxmaq ona xoş idi. Ürəyi açılırdı. Soruşdu:
- Səmədin oğlusan da?
- Hə...
- Neçənci sinifdə oxuyursan?
- Beşinci.
- Necə oxuyursan?
- Əla...
- Çox gözəl.
Bu müddətdə pişik ondan əl çəkmirdi.Vaxtsıza qalmaqda məqsədi hadisə yerinin gecə mənzərəsini seyr etmək, baxmaq istəyirdi. Hələlik hava alatoranlıq idi.
- Ata, ay ata... – deyə oğlan evə tərəf gedəndən sonra, o da bir anlığa olsa da, ayaqyoluna keçmək istədi. İstəmirdi ki, onun bura keçdiyini görən olsun. Nəinki indi, elə uşaqlıqda onda adət idi... Ayaqyoluna keçəndə utanar, sıxılar, başqalarından uzaq olmağa çalışardı. İndi isə tez-tələsik içəri keçib, qapını bağladı. Bu ölüm işi ilə əlaqədar dərin düşüncələrə dalmışdı ki, qapının hiddətlə cırmaqlandığını hiss etdi... Qəfləti bu hərəkətdən diksinmiş halda soruşdu:
- Kimdir?!.
- ...
Sorğusu cavabsız qalsa da, bir azdan yenədə qapı cırmaqlanmağa başladı. Tez-tələsik şalvarının düyməsini bağlayıb oradan çıxanda səsləndi:
- Tapdım... Qatili tapdım...
Səs-küyə gələn Səməd soruşdu:
- Nəyi tapdınız?
- Qızın... Könülün qatilin...Sizin gizlətməyinizlə deyil ki... O elə ayaqyolunda olanda, pişik buranı bax beləcə cırmaqlayıb, qızın qorxudan ürəyi o söz... Bəli, bütün bu fikirlər məhkəmə-tibb ekspertiziyasının rəyi ilə də üst-üstə düşürdü. Ayaqyolunun üstündəki köhnə palçıqlı dırnaq izi yerləri də bunu təsdiq edirdi. Müstəntiq dedi:
- Qonşulardan iki nəfər hal şahidi çağırın...
Sonra özü polisdən təhqiqatçını, sahə müvəkkilini də çağırası oldu... Sonra nə fikirləşdisə prokuroru da... Prokuror gələndə isə həmin yeri ona göstərərək dedi:
- Cənab prokuror, bir baxın da... Bura təzə, bunlar isə köhnə işlərdi... Özü də o gün hava yağışlı, yer palçıqlı olmuşdu axı... Hamısı görünür...
- Düzdür... Gəldiyin nəticə nədi?..
- İstintaqın belə düyün düşməsinə isə əsaslı bir səbəb olub. Qızın ayaqyolunda dünyasını dəyişməyini bildirmək istəməyiblər.
- Bilinsəydi, dünya dağılacaqdı ki?!. Gizlətməkdə düzgün etməyiblər də. Bu sözləri eşitcək qızın anası, atası hönkürdü... Başqaları da onlara qoşuldular. Məsələ isə aydın idi. Həqiqət bəlli olmuşdu. Günahkar ovçu pişik idi. Bunu hiss etmiş kimi gözə görünmürdü.
Soruşurdular:
- İndi kim cəzalandırılacaq?
- Ovçu pişikmi?
- Bədbəxt hadisədi də.
Prokuror, müstəntiq də sonuncunun sözlərini təsdiq etdilər. Kimsə səsləndi:
- Rədd eləyin onu getsin. Ayağı düşərli olmadı.