SUMQAYIT – 75 və ƏDƏBİYYATIMIZ

MƏDƏNİYYƏT 09:13 / 02.11.2024 Baxış sayı: 3302

 

Oktayabrın 31-də Sumqayıt Poeziya Evində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Əli Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Sumqayıtın 75 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Sumqayıtlı yazarların və oxucuların iştirakı ilə baş tutan tədbir başlamazdan öncə ölkəmizin bütövlüyü, torpqalarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AYB Poeziya bölməsinin rəhbəri, Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı tədbir iştirakçılarını salamladıqdan sonra “Sumqayıtın ədəbiyyat tarixi və ədəbiyyatımızda Sumqayıt” adlı məruzə ilə çıxış edib. Məruzəçi Sumqayıtda ilk ədəbi dərnəklərin yaranmasından üzü bu yana şəhərdə gedən ədəbi prosesi dəyərləndirib və Sumqayıt ədəbi mühitinin ölkənin aparıcı ədəbi mühiti olduğunu qeyd edib. Məruzədə, eyni zamanda, Poeziya Evinin fəaliyyəti ilə bağlı da hesabat xarakterli fikirlər yer alıb. İ.İlyaslı çıxışının sonunda sumqayıtlı yazarlara olan xüsusi diqqət və qayğısına görə Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcova sumqayıtlı yazarlar adından öz təşəkkür və minnətdarlığını bildirib.

Sonra AYB Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin çıxış edərək bölmənin indiyədək gördüyü işlərdən, nəşr etdiyi kitablardan və həyata keçirdiyi digər uğurlu layihələrdən danışıb. Gülnarə xanım Sumqayıtın 75 illiyi ilə bağlı AYB Sumqayıt bölməsi və AYB Ədəbiyyat Fondunun birgə nəşrə hazırladığı müsahibələrdən ibarət kitabla bağlı da tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbir Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sumqayıtlı yazarlarla görüşündən, Azərbaycanın xalq şairləri və xalq yazıçılarının Poeziya Evində keşirilmiş görüşlərindən, Poeziya Evində keçirilmiş beynəlxalq çaplı ədəbi festival və konfranslardan hazırlanmış foto slaydların müşaiyyəti ilə davam edib.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar müəllim, şair Ofelya Babayeva öz çıxışında şəhərdə ədəbi mühitin yeni təşəkkül tapmasından və ədəbi mühitə zaman-zaman rəhbərlik etmiş şairlərin - Xasay Cahangirovun, Qulam Feyzullayevin, Vaqif İbrahimin, Sabir Sarvanın xatirələrinin ehtiramla anıldığını qeyd edib. Doğma şəhərimizin 75 illik yubileyi münasibəti ilə yazarlarımızı təbrik edib və Sumqayıta həsr etdiyi şeirini oxuyub.

Daha sonra çıxış etmək üçün söz tədbirdə iştirak edən sumqayıtlı filoloq-alim və şairlərə verilib. Filologiya elmləri doktoru, şair Rafiq Yusifoğlu, f.e.d. Aslan Bayramov, f.e.d. Avtandil Ağbaba, əməkdar incəsənət xadimi, yazıçı-dramatirq Ağalar İdrisoğlu, AYB Şərqi Zəngəzur bölməsinin sədri, şair-bədihəçi Namiq Məna, naşir Aydın Məlikov, şairlərdən Zirəddin Qafarlı, Nadir Azayoğlu, Asif Asiman, Rəfiqə Şəms, Xaqani Abbasəli Öztürk, Lilpar Cəmşidqızı, Rasimə Könül, Qaratel Azəri, İlhamə Müslümova, məktəbli bədii qiraətçi Bəyazid Bəylərov Sumqayıta həsr olunmuş şeirlər oxuyublar.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov iştirak və şıxış edib.

Sonda tədbir iştirakçıları Poeziya Evinin qarşısında xatirə şəkli çəkdiriblər.