Adilə Nəzər : - GİZLƏNPAÇ OYUNU
Yumasan gözlərini,
gizlənməyə yer tapmaya dünya –
bir dəfə də sən udasan oyunu…
Tutasan yaxasından,
fırladasan başına,
göstərəsən bütün bucaqlarını…
Hər bucağın
hər sevgidə
çiçək-çiçək olduğunu,
ayrılıqda
bulud-bulud dolduğunu,
fəsil-fəsil solduğunu…
Silkələyib tökəsən hər küncünü,
göstərəsən gücünü,
alasan verdiyin bacların öcünü..
Üzündə şillə yeri var dünyanın…
çəkib, sonra tumarlayasan başını
uşaq kimi…
Sonra da qoşulub ona son dəfə ağlayasan, -
tən gələsiniz deyə…
Beləcə…
Anından ömür keçə…
Ya oyun sənin xeyrinə bitə,
ya da,
heç olmasa
heç-heçə…