Şakir Xanhüseyn : - XARİQÜLADƏ HADİSƏ
PRİTÇA
hərdən özünü parçalamaq, əzalarını bir-bir söküb təzədən yığmaq keçir könlündən. sağ əlinə, qoluna baxır, aşağı-yuxarı hər yerinə göz qoyur, birdən sağ əli elə bil soruşur ondan:
--bu saat ürəyindən nə keçir? niyə həyəcanlısan bu qədər? sanki düşünürsən ki, öz boğazımdan yapışsam barmaqlarım hansı qüvvəylə sıxıla bilər və bu, necə təsirli ola bilər?
--ey, əlsən, əl işini gör, mənim nə düşündüyümün, etdiyimin sənə nə isti-soyuğu, baş-başa burax məni özümlə...zatən, əsəbiyəm, qırram səni, bax...
ƏL bir az çəkilir yana.
--yaxşı, yaxşı, özündən çıxma, onsuz da sən söz dinləmirsən, daha doğrusu, özünü dinləmirsən, ancaq elə ziddiyyətli fikirlərlə çarpışıb-çabalayırsan. nə edəcəyin bəlli olmur...
--vah, vah, təzə filosof tapmışam, daha nə dərdim... əl, sən barmaqlarını yumub susacaqsan ya yox? gözüm səndən çox şey görür və bilir, amma bir dəfə də məni sorğu-suala çəkmir, göz qapaqlarını üstünə çəkib xumarlanmağı xoşlayırlar gözlərim, nə düşündüyümlə maraqlanmır, məni dinc buraxırlar...
əl, özünü ovuşduraraq:
--gözlərin səni necə rahat buraxa bilər hər şeyi görə-görə? kimi aldadırsan? özünə get... bir də mən səninlə danışanda ürək döyüntülərinə qulaq asıram, ürəyinin səsini eşidirəm yəni, mən tez-tez ürəyin üstündə oluram...nə danışdığımın fərqindəyəm, səni təkbaşına buraxa bilmərəm, unutma ki, neyləsən, nə iş görsən, nəyi atıb nəyi tutsan, mənlə edəcəksən, özünə zərər yetirməyini istəmirəm, hər şeyi axışına burax, sənlik burda iş yoxdu...
--səni həmişə daşın altına qoymaqda düz eləmişəm, başımı ağrıdırsan, ya sən özünübilməzin biri, içimi-içalatımı çıxarıb qabağımamı tökmək qəsdindəsən? ürəyimi də almısan ələ elə üyüdürsən, çox şeyi də böyüdürsən, insafsız... hisslərimlə oynayırsan, allah eşqinə, ta danışma, içim çəkilir, puçumu burub xoda salma məni, xahiş edirəm, gün çıxmaq üzrədi, günəşin doğuşunu seyr etməyi çox xoşlayıram, çox, bu möhtəşəmdi, xariqüladə bir hadisədi, anlayırsanmı...