ƏLƏSGƏR ƏLİOĞLU : - FÜZULİ QOYMADI ŞAİR OLMAĞA
(Füzulişünaslara ehtiramla)
Söz-söz pöhrələdi gözümdə aləm,
Misraya düzüldü gah sevinc, gah qəm...
Amma heç əlimə yatmadı qələm,-
Füzuli qoymadı şair olmağa.
Duyğular köksümü döydü qapıtək,
Heca-heca açdı hər gül, hər çiçək...
Qovrulub qalsa da sinəmdə ürək,
Füzuli qoymadı şair olmağa...
Min yol alışsam da,
Min yol yansam da,
Şeiri ən əziz balam sansam da;
Tanrının gözündən oğurlansam da,
Füzuli qoymadı şair olmağa!..
1993