Təranə Məmməd : - Qara rəngi sevməyən adam

YAZARLAR 12:54 / 02.11.2024 Baxış sayı: 914

 

“Dəryalar keçmişəm, dağlar aşmışam

Görüblər qayayam,görüblər daşam”, - deyən şairi əvvəllər şeirlərindən, əsərlərindən tanıyırdım. Şeirlərindən birində  “qara rəngi heç sevmədim” ifadəsini çox bəyənmişdim, cünki özüm də heç sevmirəm qara rəngi.

Qəribə taleli bu insanı suda gəmiləri titrədən dəniz küləyi, quruda həyatın sarsıntıları  möhkəm silkələdiyini də bilirdim. Şeirlərini oxuduqca hiss edirdim ki, sanki qələmini ürəyinin qanına batırıb yazır  və özü də bilmədən qəlbinin dərinliyindəki sirləri oxucularla bölüşür:

Sevinməyə heç nə yox

dərddə yoxdu çəkəsən

Yaxşılıqları dən- dən

göy üzünə əkəsən...  

Şairin əhvalını əks edən bu bənd çox səmimidir məncə. Ən gözəl söz sahibi əgər səmimi deyilsə, sözü ilə hərəkəti vəhdət təşkil etmirsə, insan kimi cəmiyyətdə mövqe tuta bilmirsə, onun yazdıqlarının dəyəri olmur. Bu baxımdan həm dəniz, həm həyat fırtınalarına sinə gərmiş kapitan, jurnalist, şair, nasir Faiq Balabəyli yaradıcı bir insan kimi çox maraqlıdır.

Deyirlər insanı yaxşı tanımaq üçün onunla yol yoldaşı olmaq gərəkdir. Yol Zəfər yolu olarsa həmin insanın işğaldan azad edilmiş torpaqlara sevgisi, şəhidlərə ehtiramı, qazilərə hörməti və ümumiyyətlə vətənpərvərlik hissi aydın müşahidə olunar. Butün bu keyfiyyətləri gördüm Faiq Balabəylidə. Desəm ki, onu məhz Şuşa səfərindən sonra tanıdım, səhv etmərəm.  O səfərdən sonra belə nəticəyə gəldim ki, Faiq Balabəyli  insan kimi, dost kimi çox məsuliyyətli və etibarlıdır. Onun yanında adam özünü arxayın hiss edir. Dərhal qərar qəbul etmək bacarığı, özündən çox dostları düşünmək, hər kəsə qayğı ilə yanaşmaq. Çox ehtimal ki, bütün bu keyfiyyətlər  onun gəmi kapitanı olduğu illər ərzində formalaşıb və artıq həyat tərzinə çevrilib.

Mənə elə gəlir ki, Faiq müəllim Azərbaycanın hər qarışını tanıyır. Yol boyu keçdiyimiz hər kəndin, hər şəhərin adını bilir, hər biri haqqında öz doğma obasından danışırmış kimi danışırdı. Füzuli şəhərinin dağıntılarını gördükdə hamımız kövrəldik. Hər kəs düşmənə nifrətini istədiyi tərzdə ifadə etdiyi halda, Faiq müəllim gözlərini avtobusun şüşəsindən görünən  bu dəhşətə baxıb susurdu... Elə hər dəfə dənizə, o sonsuz dəryaya  baxıb susduğu kimi.  O  səssiz, sössüz baxışlardan hələ neçə - neçə şeir yazılacaq, əsərlər yaranacaq...

 Mən Faiq Balabəyliyə yeni yaradığılıq uğurları arzu edib ona elə öz sözlərindən istifadə edib “heç zaman büdrəyib yıxılmamağı”, “əyilməməyi, sınmamağı” arzu edirəm.

 Həm dənizdə, həm quruda yolunuz açıq olsun, cənab kapitan!