Mətanət Vahid : -Mənimçün Salam Qədirzadə...

YAZARLAR 20:18 / 15.11.2024 Baxış sayı: 1015

Mənimçün Salam Qədirzadə, ilk növbədə, “46 bənövşə” deməkdir. Yəqin nəsildaşlarımın və məndən böyüklərin çoxusu üçün də belədir. Bizdən cavanlar oxuyublarmı, bilmirəm. Biz isə bu bestsellerlərlə böyüdük.

Gələcəkdə yolu ədəbiyyatdan keçənlər “Vicdan susanda”nı, “İtkin gəlin”, “Vəfalım mənim”, “Təyyarə kölgəsi”, “Kəndimizdə bir gözəl var”ı, “46 bənövşə”ni... (siyahı çox uzundur) su kimi içirdi. Əlbəttə, o vaxtlar kitablarda aradığımızla bu gün aradıqlarımız, ədəbi meyarlarımız eyni deyil, ola da bilməz. Amma bu kitablar çıxdığımız yolun başlanğıcı idi – nağıllar, fantastika, detektiv kimi... Bu mərhələni keçmədən əsl hədəfə adlamaq şəxsən mənimçün çətin olardı.

O əsərlər indi haradasa rastıma çıxanda vərəqləyirəm, üzümə gözü nəmli təbəssüm qonur, amma oxuya bilmirəm və düzünü desəm, buna sevinirəm. O kitablar müqəddəs xatirələrimdir, onlara ədəbiyyatşünas kimi qayıtmaq istəmərəm heç vaxt; uşaqlıq və yeniyetməliyimin ən mübhəm, ən doğma xatirələrini şirin mürgüsündən oyatmaq istəmərəm.

Ən uzun yollar belə, ilk addımdan başlayır, ən nəhəng okean belə, damlalardan ibarət... Onlarla, yüzlərlə kitab mənim uzun, çətin yolumun ilk addımları, o vaxt fərqində belə olmadığım başlanğıcı idi.

Biz indi Buker, Nobel... mükafatçılarının əsərlərini təhlil edib kimisə bəyənən, kimisə bəyənməyən; əsərlər haqqında fikir yürütmək haqqına sahib olan “çoxbilmiş” böyüklərik, o vaxt isə uşaqları başına yığıb yaşıl üzlü “Xalqın söz xəzinəsi” toplusundan onlara nağıl, hissə-hissə dastan oxuyan duru uşaqlardıq; kitabların arasına çiçəklər qoyub, səhifələrinə ətir vurub bir-birimizə ötürən yeniyetmələrdik...

“46 bənövşə”lər... bizim saflığımız, şehli xatirələrimizdir...

Salam Qədirzadə.... Ona və onun timsalında ilk addımlarımın bütün müəlliflərinə qucaq dolusu sevgimi yollayıram. Siz həmişə ruhumuzun “altıncı mərtəbəsi”siniz, orada da qalın