Musa Ələkbərli : - Şairlik ən ali məqamdı, vallah...
Özü pay-piyada, sözləri atda,
Xəyalı dövr edir ən qəlbi qatda.
Zəhəri saxlamır dilinin altda,
Gülləyə atılan ilandı,vallah
Şairlik ən ali məqamdı, vallah!
Sirri qələmindən pünhan olmasa,
Vicdanı özünə zindan olmasa,
İçində mənəvi böhran olmasa,
Şair qeyri-adi adamdı, vallah,
Şairlik ən ali məqamdı,vallah!
İgid, ər təpəri duysa canında,
Kükrəyib çağlasa əgər anında,
Olsa həqiqətin,haqqın yanında,
İlhamı bir ayrı ilhamdı,vallah,
Şairlik ən ali məgamdı vallah!
Anla ki, Tanrıdan gəlib bu elçi,
Fəda etməlidir canını elçün.
Haqqı söyləməkdə nə mizan,ölçü?!
Bu ğöylərdən gələn inamdı, vallah,
Şairlik ən ali məqamdı,vallah!
Zamana od vurur, dərdə qalanır,
Ağrısı, göynəyi ərşə calanır.
Füzuli dediyi şair yalanı
Sevgidə bir dindi, imandı,vallah,
Şairlik ən ali məqamdı, vallah!
Zülmə, zülümkara boyun əyməsin,
Kökünü əskildib, soyun əyməsin,
O məğrur başını qoyun əyməsin,
Böyük amalıyla o, tamdı, vallah,
Şairlik ən ali məqamdı,vallah!
Tanrı peyğəmbərə verdiyi haqqı
Onunla bölürsə haqlıdı, haqdı.
Gəzək o şairi əli çıraqlı
Burda mənim sözüm tamamdı vallah,
Şairlik ən ali məqamdı vallah!!!