İSMAYIL MƏRCANLI: - KÖNLÜMÜZÜN PAYIZ NOTLARI...
(REPORTAJ)
Bu gün AYB-nin Mingəçevir bölməsinin növbəti yaradıcılıq günündə yazarlarımız yenidən bir araya gəlmişdi. Çıxışının əvvəlində yazarları salamlayan bölmə rəhbəri İsmayıl İmanzadə 4 gün qabaq, yağışlı-çiskinli bir gündə -Mingəçevirin şəhər statusu almasının 74-cü ildönümü münasibətiylə keçirilən tədbir öncəsi dövlət dram teatrının qarşısındakı meydanda yerli yazarların kitab sərgisinin təşkilində fəal iştirak edən həmkarlarına,- Bəhman Gülövşəli, Bəsti Bərdəli, Eyyub Cabbaroğlu, Rəfael Dəmiroğlu və Rəşid Rəsulova təşəkkürünü bildirdi.
Sonra isə bir az ciddi, bir az da yarızarafat tərzdə: - Dostlar, indi də gəlin, noyabrdan martın əvvəllərinə qədər buz kimi soyuq olan otağımızı oxuyacağımız şeirlərlə isindirək, (Allah bizim müraciətimizə illərdən bəri qulqardına vuran bəzi “balaca padşah”ların üzlərini hər iki cahanda qara eləsin!)-deyərək növbə ilə yazarlara söz verdi.
Əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında iştirak etmiş tanınmış şairə Bəsti Bərdəli oxuduğu bir neçə şeiri ilə məclisə xoş ovqat hissi bəxş elədi. Ədəbiyyat sevdalısı kimi yazarların ehtiramını qazanmış Rəşid Rəsulovun xeyir-dualarından sonra ahıl və cahıl şair dostumuz Ağabala Salahlı şeirləri ilə tədbirə əlvan söz çalarları qatmaqla hamını məftun eləməyi bacardı. Özünü həvəskar şair adlandıran Mahir Musa həmişəkindən fərqli bu dəfə bizi “süd gölündə üzdürən” zəmanəni yox, xan qızı Xurşidbanu Natəvanı vəsf eləyən bir şeirini oxudu. Mərhum şair Murad Xasməmmədovun övladı Elğən Xaeməmmədov atasını bir qayda olaraq həmişə ehtiramla yad edən yazarlara minnətdarlığını bildirdi. Bölməyə təzəlikcə ayaq açan istedadlı gənc şair Elşən Məhərrəmlinin oxuduğu üç şeir də hamı tərəfindən hərarətlə qarşılandı. Kəlbəcərli məcburi köçkün şair Rəfael Dəmiroğlunun doğma yurd həsrətini açıqlayan, torpaqlarımızın azadlığı uğrunda gedən ölüm-dirim savaşında xalqımıza qələbə sevinci bəxş edən ərənlərimizin hünərini vəsf edən və ülvü məhəbbət notları üstə köklənən şeirləri ilə həmkarlarını bir daha məftun elədi. Şair-hüquqşünas, ağac üzərində oyma sənətinin mahir ustası Bəhman Gülöşəlinin günümüzün reallıqları ilə səsləşən şeirləri bu dəfə də diqqətdən kənarda qalmadı.
Mingəçevir Dövlət Universitetinin müəllimi, şair, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Mehman Rəsulov və bölmənin Ağsaqqallar Şurasının sədri yazıçı-esseiet Eyyub Cabbaroğlu həm oxunan əsərlər barədə fikirlərini bildirdilər, həm də bölmənin növbəti fəailliyəti ilə bağlı bir sıra səmərəli təkliflər irəli sürdülər.
Bölmə rəhbəri, şair-publisist İsmayıl İmanzadə bir neçə şeirini oxuyandan sonra dedi: - Dostlar, gələn həftənin 2-ci günü, noyabr ayının 22-də AYB-nin Natəvan Klubunda “Ruhumuzun yaz havası” almanaxımızın və cavan şairimiz Seymur Sönməzin yenicə çapdan çıxmış şeir kitabının təqdimat mərasimi keçiriləcəkdir. İlk növbədə almanaxda əsərləri yer alan müəlliflərin iştirak etmələri vacibdir, üzürlü səbəblərdən gedə bilməyənlərin isə bizə xeyir-dualar verəcəklərinə əminəm. İnşallah, paytaxt Bakıdan könül xoşluğu ilə qayıdıb, noyabrın sonuncu bazar günündə “Palitra” Ədəbi Klubumuzun növbəti məşğələsində sizlərlə yenidən bir araya gələcək və ayın sonunda isə Xurşidbanu Natəvanın 190 illik yubileyini keçirməklə birlikdə olacağıq. Elə bu istək və arzularımla sizlərə cansağlığı, könül xoşluğu və yaradıcılıq uğurları arzulayıram!
15.11.2022 saat 19-37
P.S. Məşgələ zamanı bir cavan şair dostumuzun naşılığından telefonla çəkilən şəkillər ürəyimcə olmadı. Sağlıq olsun, növbəti dəfə bu məsələni diqqətdə saxlayarıq! Atalar demişkən: “Əlimizdə olana bərəkət!..”