Sona Vəliyevanın ŞEİRLƏRİ

Ədəbiyyat 16:43 / 15.11.2024 Baxış sayı: 514

 

SAAT VƏ MƏN

 

Bu mənim vaxt ölçüm,
bu mənim saatım,
“iki ayaqlı zaman atım”.
Gecə saat on ikini ötür,
Yer vaxtı ilə,
ömür vaxtı ilə gələcəyə,
sabaha keçirəm...
Bir gündə yaşlanıram.
Sabah başlayır,
saat altını keçir,
gün ömürdən gedir,
gedir.
Əqrəblər öz işində...
Ömür səssiz saata qoşulub,
etinasız,
vecsizcə lap yanımdan keçib-gedir.
İndi saat doqquza qalır...
Tanrı saatıyla
ölümə neçə dəqiqə işləyir?
Ömrün tamamına nə qalır?
Saatlar göstərmir,
Tanrıdan başqa
ömür,
tale saatını kim bilir?

 

 

MƏNİ

 

Heç nə yoxkən eşq varıydı,
mən də eşqdən Adəm oldum.
Sirrim Tanrıda gizlənib,
kimsə açmaz aşkar məni.


Haqq arayan bir yolçuyam,
yaşım bilinməz – uluyam.
Ağa haqqı, haqq quluyam,
kimlər yozub tapar məni?


Əlim, qolum, gül şəklində,
yandım, bişdim kül şəklində,
Dünya eşqin çəkisində,
işığı nurladar məni...


Könlüm “La İləllah” çağırar,
göy açılar, yer nurlanar.
ruhum haqqa pərvazlanar,
mələklər qarşılar məni...


Bir ömürdə ömür min, min.
Sevincim, nifrətim, kinim –
lövhi-məhfusda gizlinim,
sirrimi saxlayar mənim...