Ələsgər ƏLİOĞLU: - İRİ QOĞAL

Ədəbiyyat 18:02 / 15.11.2024 Baxış sayı: 421

 

(Hekayə)

Nənə nəvələrini yanına çağırdı:

-Ay uşaqlar,bu təzə tikilən anbarımızın böyür-başındakı irili-xırdalı daş qırıqlarını görürsünüz... Bunları bir qırağa çıxarmaq lazımdır. Siz indi işə başlayın. Mən də sizə dadlı-duzlu qoğal bişirərəm. İşinizi qurtarandan sonra gəlib qoğal yeyərsiniz..

Uşaqlar işə başladılar.Onlar anbarın ətrafını irili-xırdalı daş qırıqlarından təmizləyirdilər. Turqut isə ətrafa göz gəzdirir, hansı tərəfdə ən xırda daş qırığı vardısa onu götürürdü...Bu mənzərə qoğalı bişirib yenidən nəvələrə göz qoyan nənənin diqqətindən yayınmadı:

-Turqut, deyəsən tənbəllik edirsən.Vaxtını elə xırda daş gəzməklə keçirirsən...

Turqut;-Ay nənə, o biri daşlar çox yekədir götürə bilmirəm,-dedi.

Uşaqlar işlərini qurtarıb əllərini yudular və nənənin həyətdə açmış olduğu süfrəyə yaxınlaşdılar. Hamıdan qabaq özünü süfrəyə yetirən Turqut qoğalın ən irisini seçib əlinə götürdü. Nənə bu səhnəni görüb dedi;

-Turqut, əlindəki qoğal ağır deyil ki?..

Turqyt qızarıb-bozardı...Nənəsinin nə demək istədiyini başa düşdü...

Nəvəsinin belə alındığını görən nənə irəli yeridi və onun saçını sığallaya-sığallaya dilləndi:

-Əziz balam, elə onu səndən ötrü bişirmişəm. Amma yadında saxla ki, yaxşı yemək üçün yaxşı da işləmək lazımdır...

08.11.2024