Afiq Muxtaroğlu : - Adam ol deyənlər yeyib beynini...

Ədəbiyyat 19:56 / 15.11.2024 Baxış sayı: 434

Adam ol deyənlər yeyib beynini,

Səni adamlara qarışdırdılar.

Hamıdan birinə çevrib səni,

Səni taleyinlə barışdırdılar.

 

Seçilməzsən daha çaylaq daşından,

Yüz yol imrənsən də yalçın qayaya.

Görmürsənmi qartal qıy vurur orda,

Görmürsənmi qonub laçın qayaya.

 

Get-gedə daha da adiləşəcəksən,

Hamının düşdüyü axındasansa.

Heç ağlın kəsməsin boyun görünə,

Hamıya bu qədər yaxındasansa.

 

Adam elədilər zor-xoş səni də,

Artıb adamların sayı da, baxsan.

Adam cərgəsinə yazdırıb səni,

Sevindi əmi də, dayı da, baxsan.

 

Yaxşı bax, bu dünya bazar yeridi,

Alan da, satan da gözü qıpıqdı.

...Adam ol deyənlər çıxdı aradan,

Adam ol deyənlər niyə sıpıxdı?..

10 noyabr 2024-cü il