Əlizadə Nuri : - Eşq də şərab kimi çıxar başına...
Dağda bir çobana göz eyləyəsən-
Çobanın qoynundan bir tütək çıxa.
Göyün ətəyindən elə tutasan
Nə əlin üzülə, nə ətək çıxa.
Bu bəxt yola getmir niyə ağ ilə?
O bərki sındırram bu yumşaq ilə..
Qaçıb oynayasan bir uşaq ilə
Yoluna hardansa çərpələng çıxa.
Güneyin əriyən qarı kimiyəm...
Payızın çatlayan narı kimiyəm.
Qəm- çiçək, mən də ki arı kimiyəm-
Bir azdan bu eşqdən bir pətək çıxar.
Elə sirr qalırsan nə sirsənsə sən.
Dərdin də pas atmaz əsilsənsə sən.
İşıqdan yapışıb gəzirsənsə sən,
Qorxma- qabağına lap fələk çıxa.
Eşq də şərab kimi çıxar başına,
O kimdi qələmi sıxar başına?
...Gecə ulduzları yığar başına-
Ay da ürək etməz çölə tək çıxa...