Əbülfət Mədətoğlu : - Xəyal anı
Bir sevginin cizgiləri
Yenə çəkilmişəm özümə. Yenə duyğularla, fikirlərlə, xatirələrlə, xəyallarla, bir sözlə, özüm öz dünyamla üz-üzə oturmuşam. Göz-gözə dayanmışam. İndiki anda səsini də eşidirəm, nəfəsini də duyuram, gözlərini də görürəm, hətta saçların da toxunur üzümə. Amma bunlar hamısı xəyaldı, yəni mənim görmək istədiyim, yaşamaq istədiyim anın xəyalı!..
Özüm-özümlə dialoq qurmuşam. Sual verirəm, cavab sükut olur. Cavab verirəm, sual sükuta çevrilir. Bilmirəm, bu nəyin göstəricisidi, nəyin əlamətidi və ümumiyyətlə, mənim bu halım nədən xəbər verir, məni hara aparır. Bax, bilə bilmədiyim və adını eşitmədiyim, sualını vermədiyim, cavabını dinləmədiyim bu dialoqun təsvirini necə edim, şəklini necə çəkim? Onları qələmlə dəftərə necə yazım? Yəqin ki, bu sualları oxuduğunuz anda bir qisminiz acıyırsınız mənə, bir qisminiz irad tutursunuz, başqa bir qisminiz yol göstərirsiniz və yaxud da əlinizi yelləyib keçib gedirsiniz.
Hətta hansısa bir sözü dilinə gətirəniniz də var. Amma mən başımın xarab olduğuna hələ ki, inanmıram və onun əlamətini də hiss etmirəm. Lakin özüm də bilirəm ki, könüllü şəkildə həyatımın mənasına çevirdiyim yaşam son nəfəsimə qədər mənimlə birlikdə olacaqdır. Çünki o, mənim ruhumun ifadəsidir, ürəyimin özüdür.
Belə olan halda bütün iradları da, təklifləri də, hətta halıma acımaları da qəbul edirəm. Ona görə ki, mən onların içərisindəyəm. Onlar da mənim həm daxili, həm xarici yozumda elə özüm deməkdir. Bir az da dəqiq ifadə etsək, necəyəmsə, yaşadıqlarım da elə onun özüdür, təsdiqidir. Sadəcə olaraq mən danışıram, yazıram, xatırladıram. O isə dinləyir. Amma... Nə cavab verir, nə də yolundan qalır...
Hə, elə bilməyin ki, səsim, sözüm eşidilməyəndə "Sınıb qol qanadım yanıma düşür". Xeyr, məni eşitməyəndə də, dinləmək istəməyəndə də öz içimdə onun özü ilə, şəkilləri ilə, səsi ilə, hərəkətləri ilə danışıram. Və bilirəm ki, ruhumun bu hayqırtıları nə vaxtsa onun da qapısını döyəcək, onu da yuxusundan səksəndirəcək. O da hansısa bir anda başını qaldırıb gözlərimin içinə baxıb ürəyini göstərib nəsə deyəcək. Amma hələlik "o nəsəni tapa, tuta bilmirəm". Əvəzində isə ona deyirəm:
Həqiqətsən, ya xəyal,
Can um, deyim buyur al!
Canım ol, canımda qal -
Ayrılıb getmə məndən.
Sən gecikən sabahın
Könlümü deşən ahı
Dəyişib nişangahı
Sıyrılıb getmə məndən.
Ömrə işıq, şüa ol
Ən müqəddəs dua ol.
Ürəyimə yuva ol -
Getmə, sən getmə məndən.
Zaman öz işindədi. Saat öz bildiyi kimi ötüb gedir. Kimsə zamanın, ya saatın hardasa özünə qoşulub, kimsə zamanın, ya saatın axınına düşüb, kimsə də mənim kimi zamanı durdurmağa, saatın əqrəblərini geri fırlatmağa çalışır. Özü də bunun mümkün olmadığını bilə-bilə. Bu, hardasa küləklə döyüşməyə, yağışla vuruşmağa bənzəyir. Bu, hardasa bir selin, bir fırtınanın qarşısını kəsmək üçün qollarını açmağa bənzəyir. Amma... Bütün bunlar baş verə-verə, cərəyan edə-edə insanı durduğu nöqtədən, olduğu anın içindən çıxmağa qoymur. Şəxsən mən elə bilirəm ki, bu yazını diktə etdiyim məkandan kənarda bir boşluq var, bir kimsəsizlik var və mən bu otaqdan kənara çıxsam o boşluğa düşəcəm, o kimsəsizliklə itib batacam. Bu da səbəbsiz deyil. Çünki mənim sözümün də, səsimin də, duyğularımın da, fikirlərimin də, hətta nəfəsimin də cücərdiyi, pöhrələndiyi, pərvazlandığı yerdi bu aid olduğum məkan. Bu yerdə sən mənimləsən, sən yanımdasan, səninlə üz-üzəyəm, səni görürəm, səni eşidirəm. Ona görə də bu otağa daxil olanda bir anlıq donub qalıram, çünki sən burda ola-ola durub məni qarşılamırsan, boynuma sarılmırsan. Bax, onda içimdəki tənhalığın nə qədər güclü olduğunu hiss edirəm. Özü də getdikcə daha çox güc gəlir tənhalıq mənə. Elə bil ki, dizimin taqəti, gözümün nuru azaldıqca gücüm də tükənir, müqavimətim də azalır. Deyə bilərsiniz ki, burda yaş faktoru da var. Amma mən içimdəkiləri heç vaxt yaşla uyğunlaşdırmamışam. Heç vaxt duyğumu yaşımın boyuna biçməmişəm. Yəni mənim üçün sənin varlığın və sənə olan o böyük sevgim yerdən göyə qədərdir. Sən Tanrı dərgahındakı ən müqəddəs mələk, mən ona biyət edən bəndəyəm. Sən məni görməsən də və yaxud görmək istəməsən də, bu sevgi dini mənim üçün hər yeri, hər məkanı gəzməli, görməli etsə də səninlə görüşdüyüm yeri Cənnət edib mənim üçün. Mən xəyalən, ruhən səninlə həmişə Cənnətdə görüşürəm. Xatirələrimin, istəklərimin və sevgimin cənnətində. Məhz bu səbəbdəndir ki, gəzdiyim, keçdiyim hər yerdə iz axtarıram. Bizi bir-birimizə bağlayan, bizi bir-birimizə xatırladan iz... O xatırlatmalar da yavaş-yavaş pıçıltıya çevrilir, misralanır. Bax, onda özüm də bilmədən ürəyimi açıb tökürəm vərəqlərə və yazıram:
Küçələri keçirirəm gözümdən
İzlərimiz neçə yerdə uyuyur.
Utanıram, zəhləm qaçır özümdən
Unudulan izlər bizdən soyuyur.
Hər ləpirdə bir xatirə, bir hənir
Az qalıram dəli olam, dəli mən.
Toxunduğum xatirələr tərpənir -
Sıxammıram o uzanan əli mən.
Yerlə göyün arasıydı yuvamız
Biz olmuşduq Qoşa uçan cüt qanad
Həsrət ilə uzanan bu davamız
Həyat umur, bizdən ancaq bir həyat...
Bu şeiri vərəqə köçürəndə mənə elə gəldi ki, dayanmısan yanımda və gözünün ucu ilə misraları izləyirsən. Elə hiss etdiyim bu duyğu ilə ətrafa baxdım. Görə bilmədim. Amma içimdəki o hissiyyat mənə pıçıldayırdı ki, o, burdadı, o, yazdığını da oxuyur, danışdığını da eşidir, nələr yaşadığını da, hansı acılar çəkdiyini də gözəl anlayır. Bax, bu daxili inam od üstünə daman yağ kimi oldu. İçimdəki təlaş məni elə qarsıdı ki, həmin an mütləq səni görmək, səsini duymaq istədim. Yerimdən qalxıb qapıya tərəf gəldim... və dayandım. Çünki həmin anda səni görmək göydən ulduz qoparmaq kimi bir şeydi. Yəqin ki, sən onda öz qayğılarınla əl-ələ tutub həyatını davam etdirirdin, gününü yola verirdin. Nəbilim, bəlkə də hansısa bir işi görürdün, hansısa bir zəngə cavab verirdin. Bax, bu qarışıq duyğular məni təkrar yazı masama qaytardı. Təkrar içimdəki təlaşı sözə çevirməyə və onu hamının eşidə biləcəyi bir səslə dilə gətirməyə həvəsləndirdi məni. İnanın ki, açıq-aşkar səninlə danışırmış kimi söhbət etməyə başladım. Şahidim də otaqdakı çiçəklər, güllər, kitablar, dəftər-qələmlər və bir də gözümün önündəki şəkillər. İnanmırsansa görüşəndə bu dediklərimdən soruşa bilərsən səninlə necə danışdığımı...
Hə, mən deyəsən hisslərə, duyğulara çox könül verdim, çox dərinliklərə getdim. Hardasa ola bilsin ki, əhatə dairəsindən də çıxdım. Amma bütün hallarda yer necə fırlanırsa, mən də eləcə sənin başına fırlandım. Bir pərvanə ömrü gəlib keçdi ağlımdan.
Həsəd apardım və elə bildim ki, sən də həmin anda, həmin nöqtədə, həmin istəkdəsən. Necə ki, mən səninlə eyni nöqtədə, eyni məqamda olanda gözlərini oxuyub, əllərinə toxunub hiss etdiklərimi sən də hiss edirsən. Və:
Biz baş-başa qalanda
Söz qəhətə çəkilir.
Səndən öpüş alanda
Köz qəhətə çəkilir -
Üşüyür dodaqlarım.
Biz baş-başa qalanda
Yadlaşırıq elə bil.
Cütlüyün qorxusuna
Qatlaşırıq elə bil -
Titrəyir yanaqların.
Biz baş-başa qalanda
Vaxt da şimşəyə dönür.
Deyiləcək yalan da
Dilin ucunda sönür -
Dadıram yanaqların.
Biz baş-başa qalanda
Sanki heç biz olmuruq
Elə ona görə də
Biz baş-başa qalmırıq -
Haqlıdı qınaqların.
Bütün yazı boyu təkrarladığım, dönə-dönə xatırlatdığım və təkrar-təkrar yaşadıqlarım mənim özümə aid olsa da, onun yarısı sənin payındı. Çünki sevgimin yarısı sənsən. O tamlığa qovuşmaq, o yarı olanları bir görmək əbədi və ruhun qədər zəruri olan istəyindi, duandı. Yəqin ki, bütün duaları dinləyən bir gün, bir an mənim də duama zaman ayırar. Və mən həmin duanın işığında göz-gözə, nəfəs-nəfəsə dayananda yenə danışmağa söz tapmayacam. Çünki onda gözlərimiz, duyğularımız bir-biri ilə sözsüz danışacaqlar, sözə ehtiyac qalmayacaq və bir də bütün bunlar mənə görə gerçəklik, sizə görə isə yəqin ki, xəyal anıdı. Olsun!..