Lətafət  Abiyevadan İKİ ŞEİR

Ədəbiyyat 21:49 / 11.11.2024 Baxış sayı: 782

Aç danış dərdini durna dilində.

 

Gəl, sənin könlünü alım, ay payız,

Səndən hamı küskün, hamı bezardı.

Sən də şux olsaydın,şəninə yaz tək

Şairlər şövq ilə şeir yazardı.

 

Səni duyan olmaz bəlkə mənim tək,

Mən də hal əhliyəm, dərd adamıyam

Çox dərd məndə dəyib, məndə ballanır.

Mən dərdin təamı, dadı-tamıyam.

 

Səni duyan olmaz bəlkə mən kimi,

Dilsiz də anlayar dərdli dərdlini...

Bir xəzəl dilində, durna dilində

Aç mənə qəlbini, danış dərdini.

 

Qoşulub bir axaq həzin nəğmə tək,

İkimiz bir simdə kökləniriksə...

Niyə dost olmayaq bir-birimizlə?! --

Eyni bir yük ilə yükləniriksə.

 

Gəl, duraq üz-üzə sevənlər təki --

O xəzəl əllərin soyuq əlimdə...

Mən şeir dilində deyim dərdimi,

Dərdləşək...--

sən isə durna dilində...

11.11.2015.

 

 Günahkar mənəm.

 

Ömrüm küçə, sən işıq,

Gedişin zülmət doğar.

 

Qaranlıq küçələrdə

məni vahimə boğar.

Qayıt, adam, hardasan?

Belə xəbər-ətərsiz

 

çıxıb sən hara getdin?

Bu səssiz gedişinlə

düşündünmü nə etdin?

Qayıt, adam, hardasan?

 

Sən ki bilirdin mənim

sənə olan sevgimi...

Bağışlamışdım sənə

ürəyimi ev kimi.

 

Qayıt, adam, hardasan?

Sən imişsən səbəbi

olan-qalan həvəsin.

Adam bilmir bu bəxti

 

necə söysün, nə desin?!

Qayıt, adam, hardasan?

Biz xoşbəxt olammadıq,

Söylədim, məndən ayrıl.

 

Daha söyləmədim ki,

Eldən, Vətəndən ayrıl...-

Qayıt, adam, hardasan?

Qayıt, mənəm günahkar...

03.07.24.