Kəramət : - "İÇİMDƏKİ HƏBSXANA"DAN NECƏ QAÇMAQ OLAR?

YAZARLAR 10:51 / 23.06.2024 Baxış sayı: 2913

 

Bildiyiniz kimi Cənubi Koreyada belə həbsxan var-"Azadlıq həbsxanası" və insanlar günə 90 dollar ödəyirlər ki bu həbsxanada qalsın. Artıq cəmiyyət insanları yorur, insan özü-özünü qovur ki, zamanla ayaqlaşa bilsin, amma tab gətirə bilmir, intiharlar başlayır. Düşünürəm ki, indiki dünyada çox sosiallaşmaq özü də xəstəlik törədicisinə çevrilib. Urbanizasiya özüylə qloballaşmanı-yekrəngliyi, tək əldən dağıdılan "gündəlik tələbat malları, proqramları" zorən qəbul etdirir. Dərk, dəyərlər ayaqlar altına atılır, ağıldışılıq, məna-məzmunsuzluq (postmodern dediyimiz) qavramın qeyri-müəyyən həyat boşluğunun tələbi kimi də ortaya çıxır.

Bu postmodern cəmiyyətdən-ağılsızlıqdan, məntiqlə izahsızlıqdan qaçışdı, ilkinliyə-təkliyə, özüylə qalmağa. Anarın "Macal" povestini xatırladım-təqvimdə "özümlə görüş"ü., başqa zaman-məkan və bədii məramla olsa da.

İnsanlar təklikdən çoxluğa qaçır və daha sonra itirilmiş özünü aramaq üçün könüllü həbsxanaya girirlər, yəni özləri özlərini həbs edirlər. Və əllərindən telefonları da alınır, ətrafla əlaqə kəsilir Diqqətimi bir nüans çəkdi. Bu həbsxananı ər-arvad açıb. Ər prokuror olub, işdən çox yorulub, insanlara hökm oxumaqdan bezib, arvadına deyib ki, istəyirəm özüm həbsxanaya girim, bir az dincəlim. Onda ağıllarına gəlib ki, belə bir həbsxana açsınlar. Hə, ibrətamizdi.

Mövzunu bir az dərinləşdirmək istərdim, amma, sadəcə, həvəsim yoxdur, bəlkə bu "İçimdəki həbsxana"ya bir də qayıtdım.