Agamir Cavad : - DURNA QATARI

Ədəbiyyat 08:34 / 12.11.2024 Baxış sayı: 556

 

Qəlbimtək qəlbidir qəlbi dağların,

Keçir başım üstən durna qatarı.

Qara rəngə çalan qəm buludların

Biçir başım üstə durna qatarı.

 

Baharı səsləyən bir anı seçib.

Gah dağı, gah da ki aranı seçib.

Görən taleyinə haranı seçib?

Köçür başım üstən durna qatarı.

 

Bir mahnı ömrüdür ömrü hər kəsin,

Vüsal pərdəsində qoy gəlsin səsin.

Ötüb qəm notunda payız nəğməsin

Uçur başım üstən durna qatarı.

 

Açıb qanadını, açıb qolunu,

Haqqın meydanında oynar rolunu.

Sevgidən Allaha ulduz yolunu

Seçir başım üstə durna qatarı.

 

Aşıb qəm dağını, sevinc dağını,

Gəzir Ağamirtək bəxtin ağını.

Ayların, illərin ağırlığını

Ölçür başım üstə durna qatarı.