Atilla Babəkoğlu : - Şair ömrünün bir günü
“Həyatda elə məqamlar, anlar, hətta günlər var ki, onun öz adı, öz tutumu, öz xatirəsi, bir sözlə özəlliyi olur. Onun həyatımda belə günlərdən biri də Sumqayıtda ilin son ayının ilk həftəsində yaşadığı zaman kəsiyidir. “
Bu sözləri oxucuları ilə görüşdə əməkdar jurnalist, tanınmış söz adamı Əbülfət Mədətoğlu dedi. O, vurğuladı ki, dekabr ayının 7-də Sumqayıtda təşkil olunan maraqlı bir görüş onun üçün 2024-cü ilin işıqlı bir səhifəsi kimi əzizdir və elə bu əziz günün də önəmi ondan ibarətdir ki, o ruh doğmalarının, sözü duyan və sözə dəyər verən yazarların, oxucuların, ictimaiyyət nümayəndələrinin yanında idi. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin və Sumqayıt Poeziya Evinin təşkilatçılığı ilə keçirilən bu görüşdə Azərbaycan ədəbiyyatının dəyərli imza sahibləri iştirak edirdilər. Yəni, professor Rüstəm Kamal, professor, şair-publisist Rafiq Yusifoğlu, əməkdar artist Nazir Rüstəm, yazıçı-publisist Ramiz Göyüş özlərinin iştirakı ilə tədbirə xüsusi bir ovqat qatmışdılar.
Görüşü Poeziya Evinin drektoru şair İbrahim İlyaslı açdı. Onun qonaq barəsindəki ətraflı təqdimatından sonra söz Əbülfət Mədətoğlu yaradıcılığı barəsində maraqlı fikirlər müəllifi olan ədəbiyyatşünas alimimiz, filologiya elmləri doktoru, professor Rüstəm Kamala verildi. Rüstəm müəllim iştirakçılara Əbülfət Mədətoğlunun şair və jurnalist kimi yaradıcılığından danışarkən vurğuladı ki, bugünkü qonağımız sözlə, ustalıqla işləyən, onun ən incə nüanslarını oxucuya çatdırmağı bacaran maraqlı və istedadlı bir müəllifdir. Onun şeirlərindəki səmimiyyət dərhal oxucunu özünə çəkir. Mənə görə Əbülfət Mədətoğlunun şeirlərində səs və musiqi xüsusi mahiyyət kəsb edir. Elə bil ki, onun şeirləri musiqi sədaları altında səslənir. Bu da onun oxucularına imkan verir ki, şeirlərdən öz istədiklərini ala bilsinlər. Yəni, ruhu qidayla təmin olsunlar.
Görüşdə çıxış edən şair-publisist, professor Rafiq Yusifoğlu qeyd etdi ki, mən Əbülfətin yaradıcılığı barəsində mətbuatda da çıxış etmişəm. Onun necə zəhmətkeş, sözə ömür həsr edən bir müəllif olduğunu yaxşı bilirəm. İş rejimindən də, fəaliyyətindən də məlumatlıyam. Çünki ikimiz də “Azərbaycan Nəşriyyatı “- nda işləyirik. Onu da bildirim ki, Əbülfət Mədətoğlunun şeirləri istənilən mövzuda müəllifin oxucu ilə təmas qurmasına bir növü qapı açır, şərait yaradır. Yəni, Əbülfəti oxuyanda şeir bir növ səninki olur. Sən onu öz duyğularının ifadəsi kimi qəbul edirsən.
Çıxış etmək üçün söz alan yazıçı-publisist Ramiz Göyüş öncə onu xatırlatdı ki, bu Poeziya Evi həm də söz ocağıdı. Burdakı şərait, burdakı görüşlər həmişə maraqlı olub. Və dəfələrlə burada olduğumdan şair dostumun görüşünün də maraqlı keçəcəyinə əminəm. Mən də onun yaradıcılığı barəsində fikirlərimi mətbuatda bölüşmüşəm. Və hər görüşümüzdə, söhbətlərimizdə mən Əbülfət Mədətoğlunun bütöv, halal bir söz sahibi olduğunun şahidi kimi bir daha əmin oluram ki, o həm də dəyərli bir türk şairidir – sözü ilə, duyğuları ilə, fikirləri ilə.
Məclisi idarə edən İbrahim İlyaslı sözü AYB-nin Sumqayıt bölməsinin rəhbəri Gülnar Cəmalətdinə verdi. Gülnar xanım da öz növbəsində qonağa xoş gəldin söyləməklə ona həm öz yaradıcılq uğurlarına, həm də digər söz adamlarına göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdi. Gülnar xanım qeyd etdi ki, Əbülfət Mədətoğlu bütün həmkarlarına qarşı həmişə öz diqqəti ilə seçilib. Onun qəlbində yaxşı sözə və sözlə işləyən hər kəsə böyük sayqı var.
Tədbirdə iştirak edən Fərhad Məhərrəmoğlu vurğuladı ki, Əbülfət bir qarabağlı və mənim bir eloğlum kimi həmişə diqqətimdə olub. Mən onun yaradıcılığını maraqla izləyirəm, tez-tez şeirlərini sosial şəbəkədə paylaşıram, məclislərdə səsləndirirəm. Onun şeirlərindəki Qarabağın ətri, nəfəsi mənə qaçqınlıq illərində bir təsəlli idi.
Böyük maraqla keçən tədbirdə çıxış edən söz adamları, oxucular, xüsusilə şairə Aida Adıgözəl, Lilpar Cəmşidli, şair Elvin Əlizadə, Emin Piri, Süleyman Abdulla, əməkdar artist Nazir Rüstəm və digərləri qonaq barəsində səmimi duyğularını dilə gətirməklə yanaşı bugünkü tədbirin yaddaqalan olduğunu da xatırlatdılar. Hiss olunurdu ki, tədbirə qatılan hər kəs bu xoş anları yüksək dəyərləndirir və unudulmaz hesab edirlər. Yeri gəlmişkən onu da qeyd edək ki, tədbirin gedişi zamanı şairin sözlərinə bəstələnmiş mahnılardan bir neçəsini xalq artistləri Yalçın Rzazadə və İlqar Muradovun ifasında video-çarx formatında iştirakçılara təqdim olundu.
Tədbirin sonunda şair-publisist Əbülfət Mədətoğlu göstərilən diqqət və səmimiyyətə görə məmnunluq ifadə edərək onunla görüşə gələn hər kəsə , xüsusi ilə iş vaxtlarını onunla görüşə həsr edən həkim dostları Ruslan bəyə və Səlim bəyə ürəkdən təşəkkür etdi. Və . oxuculara imzalı kitablarını bağışlayaraq onlarla birlikdə xatirə şəkili çəkdirdi.
Tədbirə qonağın da gözləmədiyi halda qatılan şairin doğmaları Leyla və Lalə, həmçinin nəvələr həmin günü Əbülfət Mədətoğlu üçün unudulmaz etdi.