Yadigar Təvəkgul - Ürəyimə nələr yığdım...

Ədəbiyyat 08:10 / 16.12.2025 Baxış sayı: 372

 

Asta asta oğurladım

bu dunyanın dərdi sərin

Öz içimdə məzar qazıb

dəfn elədim dərin dərin

 

Buludlardan nəm qoparıb.

Gözlərimə sürmə etdim

Baxışlardan qəm qoparıb

Ürəyimə tirmə etdim

 

Geyindirdim öz əynimə

Bu dünyanın dost ağrısın

Mən günəşin şöləsindən

Oğurladım qəlb yanğısın

 

Dəryalardan dənizlərdən

coşub daşıb kükrəməyi

Küləklərdən oğurladım

xəfıf xəfif titrəməyi

 

Çiçəkləri ləçək- ləçək

Həsrətimə qonaq etdim

Cəmənlərin qönçələrin

Hicranımla sınaq etdım

 

Misralarda şeir oldu

Arzularım, xəyallarım

Heç bitmədi öz özümə

Ünvanlanan suallarım

 

Ürəyimə nələr yığdım

Nələr aldı dünya məndən

Mən dünyanı oğurladım

Dünya aldı səni məndən