Lilpar Cəmşidqızı - QƏZƏL

Ədəbiyyat 09:00 / 16.12.2025 Baxış sayı: 575

 

Ey ismi şərif, çöhrəsi pünhan olanım, gəl,

Ey qəlbi təmiz, sevgisi ümman olanım, gəl.

 

Sənsiz qəmə düçar olub aləm, bəşəriyyət,

Qəmxanədə məzlumlara mehman olanım, gəl.

 

Fəth eyləyəcəksən zühur etsən bu cahanı,

Son ümmidim, ey aləmə Sultan olanım, gəl.

 

Yer kürəsi öz dərdini izhar edə bilmir,

Bir çarə gətir, qəmlərə loğman olanım, gəl.

 

Son dövrün imamətliyi qismət sənə olmuş,

Məhşər günü hər canlıya dərman olanım, gəl.

 

İbn Həsən əl-Məhdi deyib isminə Həzrət,

Dünyanı xilas etməyə fərman olanım, gəl.

 

Ey Sahibi-aləm, yerə bir gün dönəcəksən,

Peyğəmbərə, Allahına qurban olanım, gəl.

 

Ətrindən olub bağdə bülbül sənə aşiq,

Ey gözləri Zöhrə, özü insan olanım, gəl.

 

Sultanına sadiq qul olan Lilpara əl ver,

Pünhan üzü cənnətdə gülüstan olanım, gəl.