Ramiz Qusarçaylı  -Muğam Rəbbin səs rəngidi...

Ədəbiyyat 09:56 / 16.12.2025 Baxış sayı: 634

 

Mahur hindi

 

Məni saldı yaman dərdə,

Əriyirəm pərdə-pərdə,

Bu Şuşalı pərdələrdə

Gəzəcəyəm,

yuxum çindi,

Mahur hindi.

 

“Rast” dəstgahı dərd ayəti,

“Əraq” əzmin “Vilayəti”,

Ruhum, öt bu qiyaməti

Yer yarılar sussam indi

Mahur hindi.

 

Mizrab zildə dəm əhlidi,

Qərib avaz bəm əhlidi,

Can qürbətdə qəm əhlidi,

Qəmdən qəmə yollar mindi

Mahur hindi.

 

Məcnun könül biyabandı,

Leyli eşqin zülfü qandı,

Cabbar, Seyid, Zülfü, Xandı,

Naləsində daş da dindi

Mahur hindi.

 

Muğam Rəbbin səs rəngidi,

Səs də ruhun ahəngidi,

Ölüm ömrün son cəngidi,-

Bir təsnif də Ramizindi,

Mahur hindi,

Mahur hindi...

 

 

Laçındayam.

Muğam müsabiqəsinin finalına qonağam

2019