Məmməd Qədir - Quzu kəsərəm

Ədəbiyyat 11:19 / 16.12.2025 Baxış sayı: 459

 

Gəzən bir çiçəkdi, yeriyən güldü,

Çiçəkli yazına quzu kəsərəm!

Çağlayan ürəkdi, coşan könüldü,

Könlümə yazana quzu kəsərəm!

 

Ürəyi ağladır, üzü güldürür,

Hüsnü nur çesməsi, gözü güldürür,

İşvəsi can alır, nazı öldürür,

Ərkinə, nazına quzu kəsərəm!

 

Günəşi kor qoyur, közü yandırır,

Aqili gic edir, kəmi qandırır,

Ruhumda ruhani havalandırır,

Sözünə, sazına quzu kəsərəm!

 

Ürək bihuş olur ətrə, qoxuya,

Dalır sevda dolu şirin yuxuya,

Səhər duasında sevgi oxuyan,

Şirin avazına quzu kəsərəm,

 

Eşqinin quluyam, bilir kimdəyəm,

Sevdası bənövşə, könül gündəyən,

Mənə, Məmməd, Qədir, sevirəm, deyən,

Dilinə, ağzına quzu kəsərəm!