Şakir Xanhüseyn - TƏMİZ AD İLƏ
Yaşayım qoy elə təmiz ad ilə--
heç adım olmasın, adsız dolanım...
Od ikən qəlbimin qəm-kədəri, hə,
hey gəzim ocaqsız, odsuz dolanım...
Ayaq üzəngidə, əl yüyəndə yox,
söz deyən çoxalıb, dinləyənsə yox...
Ta çörək qoxusu gələn təknə yox,
qoy ağzı ləzzətsiz, dadsız dolanım...
Ələ ələk alıb ələyən hanı,
coşa ürəyimin hiss-həyəcanı...
Pambığa bükərək qorumaq canı,
qalmasın kədərdən bir iz, dolanım...
Qabağına keçmək hərdən olanın,
kimsə hey ardıyca gedir yalanın...
...Önümdə dikilən əfi ilanın
gözündən çəkməyib mən göz, dolanım?!