Aqşin Yenisey - Başqa
Üç şair Yəhya Kamalın bir qəzəlinin öhdəsindən gələ bilmədik.
Sənə yazdırdı şeir nəydi əzabdan başqa,
"Nə qaldı ruha təsəlli şərabdan başqa."
Hamı oldun, hamılaşdın özünü tapmaq üçün,
Nə xilas etdi səni evdə kitabdan başqa.
Batdığın günahların cəhənnəmi oldun özün,
Cünun, nə gözləyirdin, guya. iztirabdan başqa.
Badənin dibindəki mərtəbəyə qalxdın axır,
Yoxdu bir başqa yolun bu inqilabdan başqa.
Sevdiyin, öpdüyün hər şey demə illüziyadır,
Nədi gördüklərimiz illa sərabdan başqa.
Sevda bir cüzzam imiş, mən də yoluxdum, saqi!
Mükafatı yox imiş, ya rəbb, iltihabdan başqa.
Arifin, aşiqin ən qıt vaxtına düşdüm,
Ortada qalmadı bab ortababdan başqa.
Kim açar söylə qapım badi-səbadan qeyri,
Kim sevər söylə səni başı xarabdan başqa.
Öylə bir yerdə məkan eyləmisən... eşqdən uzaq,
Aşiqə yoxdu məkan getməyə pabdan başqa.
Xəyyamın camı sənin Qismətin olsun, Aqşin,
Nə miras qaldı sənə sübhəcən tabdan başqa.