Ay Bəniz Əliyar- Şeirin qış fəsli

Ədəbiyyat 09:27 / 16.12.2025 Baxış sayı: 576

 

Hiss edirsən soyuqdu,

basdırırsan üstünü.

Bir şeirə gömürsən

bu üşütmək hissini.

Şeir nədir ki? Sözdür!

Şeirin sözü üşüyür.

Şeirin əli üşüyür,

şeirin gözü üşüyür.

Üfürürsən durmadan,

təki üşütmə dinsin.

Nəmli gözü qurusun,

körpə əli isinsin.

Əllərini üfləyib,

sürtürsən bir-birinə.

Bir şeir də gömürsən

bu ağrının yerinə.

Basdırırsan üstünü,

bax, üşütmə çəkildi.

Basdırdığın bir qalaq

xatirədi, şəkildi.

Hər ağrıda ürəyin

yerindən dik atıbdı.

Hər üşütmə bir şeir,

baxırsan, bir kitabdı.