Aləmzər Sadıqqızından BİR ZARAFAT
Qadın Bakıda universitetdə oxuyan oğlunun yanına gəlir. Görür ki, oğlunun kirayə qaldığı evdə bir dənə də qız yaşayır. Tez oğlundan soruşur ki, bu qız kimdir, səninlə bir evdə qalır? Yoxsa evlənmisən bizə demirsən?
Oğlu and-aman edir ki, tələbə yoldaşımdır. Evdə hərəmizin öz otağı var. Sadəcə kirayəni şərikli ödəyirik. Arada da geyimlərimi yumağa, yemək bişirməyə kömək edir.
Qız da nə qədər and içib, çörəyi paralayıb tökür ki, bəs mən tərbiyəli qızam, öz otağımda qalıram, sizin oğlunuzla yalnız tələbə yoldaşıyıq.
Qadın heç nə demir, iki gün qalıb rayona qayıdır. Tələbə oğlanla qız qadın gedəndən bir gün sonra nə qədər axtarırsa, yemək bişirmək üçün qazanları tapmır. Qız oğlana "yəqin qazanları anan aparıb" deyir. Oğlan çarəsiz qalıb anasına zəng edir ki, anacan, qız yemək bişirmək üçün nə qədər axtardısa qazanları tapmadı. Bəlkə sən səhvən özünlə aparmısan?
Qadın oğluna cavab verir: O yanındakı tərbiyəli ifritəyə de ki, əgər axşamları öz yatağında yatsaydı, yorğanının altına qoyduğum qazanları çoxdan görərdi.