Cəbrayıl rayonunda şair Musa Aslanxanlının 75 illik yubileyi keçirilib

Gündəm, MƏDƏNİYYƏT 10:26 / 12.12.2025 Baxış sayı: 728

 

Dünən , yəni 11 dekabr 2025-ci il tarixdə çağdaş Azərbaycan ədəbiyyyatının tanınmış simalarından olan, şair, yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Mansır oğlu Aslanxanlının 75 illik yubileyi keçirilib.

Yenises.az xəbər  verir ki, tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, yaradıcı ziyalılar - Hidayət Səfərli, Mirzə Mirimli, Əbülfət Alışov, Kamal Fərhad, mədəniyyət işçiləri, məktəblilər, doğmaları və şairsevərlər iştirak ediblər.

Çıxış edənlər şairi 75 illik yubileyi münasibətilə təbrik edib, ünvanına səmimi ürək sözlərini çatdırıblar. Natiqlər şairin yaradıcılığından nümunələr gətirərək,ömür yoluna nəzər salıb və uğurlarını dilə gətiriblər.Qeyd olunub ki, vətənpərvərlik, vətən sevgisi, torpaq həsrəti, xüsusilə Qarabağ dərdi, yurd nisgili, doğma torpaqlara bağlılıq köçkün həyatı və qayıdış arzusu şairi hər zaman düşündürüb və şeirlərində öz əksini tapıb. Xalqının dərdini, sevincini, mübarizəsini, ümidlərini qəlbinin süzgəcindən keçirərək sözə çevirən qələm sahibi hələ 2006-cı ildə nəşr olunan "Ad günləri qarşıdadır" kitabında qələbəyə inamını özünəməxsus poetik çalarlarla əks etdirib, əksər şeirlərində bu inama söykənib. Şair "Qalx, tarixçim, qalx ayağa", Milli Qəhrəman Vəzir Orucov, "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüş Şəhid Fariz Cavadov haqqında yazdığı poemalarında, "Üz tutmalı ömürlər" ,"Şuşaya gedən yol", "Qarabağa yağan yağış" kitablarında xalqımzın böyük kədərinin, eyin zamanda, qürurunun, dəyanətinin, əyilməzliyinin bədii ifadəsini verib, vətəninə, xalqına, ölkəsinə olan sevgisini şeirlərinin dili ilə çatdırıb. Şair Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işgal altında olan torpaqlarımızın işğaldan azad olunması sevincini "Bu günlərçün yaşamağa dəyərmiş" deyərək oxucuları ilə bölüşməyi də unutmayıb. Çox şükürlər olsun ki, bu gün onun şeirlərindəki ayrılıq nisgili yerini qürur, sevinc və Zəfər ruhu tutur.

Tədbirdə yubliyara həsr olunmuş şeirlər dinlənilib, xatirə hədiyyələri təqdim olunub və yaradıcılığından parçalar səsləndirilib.