Cəbrayıl Rayon İcra Hakimiyyətindən  İsmayıl İmanzadəyə  TƏBRİK

MƏDƏNİYYƏT 19:37 / 10.12.2025 Baxış sayı: 191

Şair-Publisist İsmayıl İmanzadənin 80 yaşı tamam olur

Bu gün çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan şair-publisist, böyük ziyalı, həmyerlimiz İsmayıl Səlim oğlu İmanzadənin 80 yaşı tamam olur.

İsmayıl İmanzadə 10 dekabr 1945-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Əmək fəaliyyətinə müəllim kimi başlayan gənc İsmayıl bir müddət dövlət qulluğu sahəsində də çalışıb. Harada çalışmasından asılı olmayaraq sinəsindəki şair ürəyi həmişə könüllərə xoş duyğular bəxş edən qanadlı misralar pıçıldayıb.

Elə həmin pıçıltılarla da gənc İsmayılın ilk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində, “Səni soraqlaram” adlı ilk şeirlər kitabı isə 1980-cı ildə “Gənclik” nəşriyyatında dərc olunub. Məlum hadisələrlə bağlı məcburi köçkün taleyi yaşayan istedadlı şair 1993-cü ildən Mingəçevir şəhərində məskunlaşıb. Məskunlaşdığı şəhərdə ədəbi mühitin formalaşmasında böyük əməyi olan İsmayıl İmanzadə uzun illər Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan “Səda” qəzetində baş redaktorun müavini, “İnam” qəzetinin təsisçisi və baş redakoru vəzifələrini icra edib. Sonralar “Mingəçevir” qəzetinin şöbə redaktoru və müxbiri kimi çalışan İsmayıl İmanzadə 1995-ci ildən Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, 1999-cu ilin oktyabr ayından isə Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri olub. Hazırda “Bənövşə” (“Mingəçevir leysanı”) ədəbi-bədii dərgisinin təsisçisi və baş redakorudur. Yaradıcılığının əsasını yurd həsrəti, vətən sevisi, xalqımızın adət-ənənələrinə bağlılıq təşkil edə şairin bü günə qədər müxtəlif nəşriyyatlarda 30-dək bədii-publisistik kitabı işıq üzü görüb..

İstedadlı şairin əlliyə yaxın şeirinə tanınmış bəstəkarlar musiqilər bəstələyiblər. Uşaqlar üçün yazdığı şeirlərin bir qismi orta məktəb dərsliklərində, uşaq şeirləri antalogiyasında dərc olunub. Şeirlərindən bir qismi xarici dillərə (rus, moldavan, türk, ingilis, serb...) tərcmə olunub. Xeyli sayda nəsr əsərlərinin də (povest, hekayə, novella) müəllifidir.

“20 Yanvar etüdləri” adlı poeması və 1996-cı ildə Mingəçevir Dövlət Dram Teatrı tərəfindən tamaşaya qoyulan “Xocalı notları” adlı pyesi Azərbaycan radiosunun və AZTV-nin qızıl fondunda saxlanılır.

Hörmətli şairimizi 80 illik yubileyi münasibətlə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.