Xanim Ismayilqizinın  ŞEİRLƏRİ

Ədəbiyyat 09:31 / 30.06.2024 Baxış sayı: 1800

Sevəndə elə sevirəm ki,

Heç nə gözümdə batmır,

Ürəyimə düşür,

Qanımdan keçir.

Sevəndə, elə sevirəm ki...

Bağrımda uyuduram nadinc hissləri,

Qucağımda yırğalayıram nənnisini,

Ovuclarımda gəzdirirəm dünyasını,

Başına dolanıram havasının,

Dodaqlarımla isidirəm buz kəsən savaşını,

Nəfəsimə bələyirəm titrəyişləri.

Sevəndə, elə sevirəm ki...

Unudulmaz sakinim olur,

Toxunulmaz edirəm kimliyini,

Bütün rəngləri çəkirəm gözünün üstünə,

Çiyinlərim yuva olur yaşaya biləcəyi.

Sevəndə, elə sevirəm ki...

Yol, dəniz, səma var gizlinimdə,

Qatarında get də, dənizində üz də, göyündə uç da,

Azadlığa aşiq olmaq var, aşiqə hüzur kimi.

Vətənsizlik unudulur vətən olmağımda,

Gözlərimdən su içir özündən köçən də.

Sevgim elə bir gücdədir ki,

Ölümə də, ölənə də həyat verir içimdə.

Sevəndə, elə sevirəm ki...

Küçələrin uşaqlarını, yalqız qocalarını,

Ağacların damarlarını, quşların dodaqlarını,

Şəhərlərin, kəndlərin, yaxınların, uzaqların qanadlarını,

Bu aləmin bağlı və açıq həyatlarını,

Kimsəsizlərin yollarını, məscidlərin azanlarını,

Kilsələrin şüalarını, gözlərin dualarını,

Qürbətin doğmalarını, doğmaların yadlarını,

Bütün gözəlliklərin adlarını, dadlarını,

Nakamların həyatlarını

Sevəndə, elə sevirəm ki...

Sevəndə elə sevirəm ki,

Heç nə gözümdə batmır,

Ürəyimə düşür,

Qanımdan keçir.

Sevəndə, elə sevirəm ki...

Sevgi canından keçir...

          ***

 

Dərinə qazdım ölkəmi,

Kəsib tulladım kölgəmi.

Bulud üstündə bir gəmi

Göyə çəkdi yaraşığı...

 

Addımı özümə atdım,

Kələfin ucuna çatdım,

Oyandım və yenə yatdım,

Bir az da düşdüm aşağı...

 

Ovcumdakı - həyat imiş,

Təzə deyil - boyat imiş,

Gələnlərim - ovqat imiş,

Gedənlərim - göy qurşağı...

               ***

Birdən-birə düşüb yerə,

Baxırsan altdan yuxarı.

Bədənindən, gözlərindən

ucalır hissin buxarı.

 

Birdən-birə gördüklərin,

Yavaş-yavaş səndən keçir.

Bir qucağa yığdıqların,

Ürəyindən dən-dən keçir.

 

Birdən-birə tanıyırsan

sənə həmdəm olmayanı.

Yaddaşına köçürürsən

əllərində qalmayanı.

 

Birdən-birə nə olursa,

Hamısı çiyninə qonur.

Sənin çılpaqlığın bitir,

Geyimlər əyninə qonur.

 

Birdən-birə uşaqlığın,

Qocalığa salam deyir.

Bu canı hədiyyə edən,

Mən də səndə yolam - deyir.

 

Birdən-birə soyunursan

baharını, payızını.

Yenə də çılpaq qalırsan,

Qış alır alın yazını.

 

Birdən-birə qalxıb göyə,

Baxırsan üstdən aşağı.

Bu dünyadan böyük imiş

Müqəddəs hissin Uşağı.