“PALİTRA” ƏDƏBİ KLUBUNDA YENİDƏN BİR ARAYA GƏLDİK

MƏDƏNİYYƏT 13:44 / 01.07.2024 Baxış sayı: 8357

 

AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən və hər ayın sonuncu bazar günü yazarların həvəslə üz tutduqları “Palitra” Ədəbi Klubunun növbəti toplantısı (30.062024) da yaddaqalan oldu. Bölmə rəhbəri İsmayıl İmanzadə yazarları salamlayandan sonra dedi: “Dostlar, dünən (29.06.2024) tanımadığım, ancaq sürprüz gəlişləri ilə məni məmnun edən üç şəxsin,-uzun illər Mingəçevirdə məktəb direktoru işləyəndən sonra baş müəllim qismində pedaqoji fəaliyyətini Mingəçevir Dövlət Universetində davam etdirməkdə olan Məhəmməd Məmmov, onun ədəb-ərkanlı oğlu Nazim və əslən Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan Qaşqar Əsədovla üç saat ərzində birlikdə oldum. Yeri gəlmişkən, Qoşqarın babası, rəhmətlik İbadulla Əsədov, zamanında Füzuli rayonunun sayılıb-seçilən məktəb direktorlarından biri olub, təyinatla gəldiyim məktəbdə əvvəl dərs hissə müdiri, sonrasa uzun illər boyu həmin məktəbə rəhbərlik edib. Düz üç il,-20 yaşımdan 23 yaşıma kimi işlədiyim bu təhsil ocağında İbadulla müəllimin ədəbi yaradıcılığıma yönəlik diqqət və qayğısından həmişə məmnun olmuşam. Onun həmin vaxtlarda onuncu sinif şagirdi olan oğlu Fəxrəddin Əsədovun həm müəllimi, həm də ilk şeirlərinin “Ulduz” jurnalında xalq şairi Nəbi Xəzrinin xeyir-duası ilə dərc olunmasına yardımçı olmuşam...

Əvvəlcə istəkli qonaqlarımla AYB-nin Mingəçevir bölməsində söhbətləşdik, yazarlarımız barədə onlara məlumat verdim, müəllifi olduğum bir neçə kitabımı bağışladım, sonrasa mədəniyyət işçisi Əliyusif Kazımovun bələdçiliyi ilə Mingəçevir kəndinə məxsus olan bir məkanda,-Kürün sahilindəki istirahət mərkəzində süfrə arxasında əyləşdik...

... Ancaq ertəsi gün tezdən sosial şəbəkədə paylaşılan bir xəbərdən, Kəlbəcər əsilli şair dostumuz Rəfael Dəmiroğlunun qəfil ölümündən çox üzüldüm. Gəlin elə bu məqamdaca şair dostumuzun xatirəsini bir dəqiqəlik sükutla yad edək və ona Allahdan rəhmət diləyək...

Bundan sonrakı vaxtlarda yazarlardan Zümrüd Rəhimova yığcam-lakonik bir hekayəsini, Elşən Əzim, Namiq Zaman, Ağabala Salahlı,Ənvər Durucalı, Mahir Musa, Nicat Hunalp və Mikayıl Yusif yeni şeirlərini oxudular. Mingəçevir Dövlət Universitetinin dosenti, şair-tədqiqatçı Mehman Rəsulov, ədəbiyyat sevdalıları Rəşid Rəsulov, Vüqar Həsənov, görkəmli idman məşqçisi, yazarlarımızın istəkli dostu Mehman Məlikov bölmənin önəmli fəaliyyətini əks etdirən çıxışları ilə tədbirə unudulmaz anlar bəxş etdilər.

Bölmə sədri bu yaxınlrda mingəçevirli yazarların əsərlərinin yer aldığı “Söz yaddaşı” almanaxının ilk nüsxələrini tədbirə qatılanlara bağışladı. Gənclik illərində ali təhsil almaqla yanaşı yaşadığı Rusiyada, sonra isə vətənimizdə keçirilən idman yarışlarında dəfələrlə çempionluq kürsüsünə qalxan, indiki vaxtlarda isə idmanın bir neçə növü üzrə məşqçi olan Mehman Məlikova AYB Mingəçevir bölməsinin fəxri üzvlük vəsiqəsi təqdim edildi. Gənc çair Nicat Hunalpın bu yaxınlarda işıq üzü görən “Hunlardan Abdallara” adlı kitabına hamılıqla,-mübarək olsun-deyildi.

Beləliklə, özünün 25 yaşını qeyd etməyə hazırlaşan AYB-nin Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Palitra” Ədəbi Klubunun bu dəfəki yaradıcılıq günü də ürək açıqlığı ilə sonuclandı.

MƏMMƏD MƏRZİLİ

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist