Əbülfət Mədətoğlu : - DOST ETİRAFI

YAZARLAR 09:00 / 29.06.2024 Baxış sayı: 2908

 

Həyat o zaman maraqlı və gözəl olur ki, yer üzünün əşrəfi olan insan (təbii ki, yaxşı və dəyərli olan insan - Ə.M.) onu alın təri ilə suvarır, göyərdir və Cənnətə çevirir. Əks halda dünya bir məkan olaraq nə qədər gözəl olur-olsun onun İNSAN adlı sakini yoxdursa, gərəksiz bir coğrafiyadır.

Xatırlayıram, Sovetlər dönəminin bir filmi var idi: “İnsan məskən salır”. O filmdəki epizodları gözünüzün önünə gətirin. Onda biləcəksiniz ki, həmin coğrafiyanı dünyaya insan tanıtdı. Deməli biz tanıdıb, sevdirməyi nə qədər çox bacarsaq, bizə də xoş olacaq, çevrəmizə də, cəmiyyətə də, bütövlükdə bəşəriyyətə də.
Onunla tanışlığımın səbəbkarlarından söz düşəndə və ümumiyyətlə bu tanışlıq haqqında düşüncələrə dalanda iki şəxs gözümün önündə dayanır. Onlardan biri həmyerlim, dəyərli söz adamı özünün və sözünün yerini bilən Bəxtiyar Qaracadı. Məhz Bəxtiyar müəllim redaktoru olduğu bir kitabı (HƏSRƏTİN SAHİLİNDƏ) mənə bağışlayanda dedi ki, bu kişi dünyagörmüş, bərkdən-boşdan çıxmış, sözü ilə əməli üst-üstə düşən ağsaqqallardandır. Onunla nə vaxt qarşılaşsan, bir xəzinə tapmış olacaqsan. İnsanlıq xəzinəsi, ağsaqqallıq xəzinəsi, bir də dəqiqlik xəzinəsi…
Yəqin ki, oxucular təkcə mənim üçün yox, bütövlükdə ədəbiyyatımız üçün qənimət ziyalılardan olan, yaradıcılığı ədəbiyyat təriximizə möhürlənmiş Asim Yadigarı tanıyır. Naxçıvan səfərlərimin birində Ürək dostum Asim müəllimin sayəsində artıq qiyabi tanıdığım, barəsində xeyli bilgi əldə etdiyim Firudun Süleymanoğlu ilə üzbəüz oturduq…
Bəli, belə başladı bizim tanışlığımız… Və bir də gördüm ki, biz artıq bir- birimizə QARDAŞ deyirik. Çünki onun məntiqi, hadisələrə yanaşması, hər sözünü sanki içində milyon dəfə ölçüb-biçib söyləməsi məni həqiqi mənada heyrətləndirirdi. Səbəbini bilmədiyim bu qabiliyyət doğrudan da bir Allah vergisi idi. Onun kitablarını oxuyandan sonra qismən anladım Hacı Firudin Süleymanoğlunu. Bildim ki, fəaliyyəti dövründə o qədər sınaqlardan, o qədər gərginliklərin içindən keçib ki, böyük bir həyat universiteti diplomu qazanıb. Çalışdığı, bəzən rəhbərlik etdiyi kollektivlərdə həm görkəmi, həm də fəaliyyəti bir-birini tamamlayan insanın bir sifəti, bir məsləki, bir yolu olub. Ona görə də Naxçıvanda hamı onun təkcə görkəmini, boyunun ucalığını yox, həm də şəxsiyyətinin ucalığını özləri üçün nümunə qəbul ediblər. Adamlar bilib ki, Hacı Firudin heç nəyi səbəbsiz, yersiz, nəyinsə xatirinə söyləyən kişilərdən deyil. Birmənalı şəkildə o, bütöv bir xarakterdir, həm də öyrənilməli və nümunə götürülməli bir xarakterdir !

Əsərlərində də böyük iddialarda olmadığı, yeri gələndə yazdığını-ürəyini boşaltdığını və bir də yaddaşında olanları yazıya köçürtmək naminə qələmə sarıldığını da xüsusi qeyd edir. İstəyir ki, şahidi olduğu, iştirakçısına çevirildiyi maraqlı və tarix üçün gərəkli olanları oxucunun ixtiyarına versin. Gələcək nəsillərə gedib çatsın.

Çünki o, istər poetik dildə, istərsə nəsrlə yazdığı bütün əsərlərində Naxçıvanı vəsf edir. Onun minilliklərdən gələn və tariximiz üçün önəmli olan daşını da, qayasını da, çinarını da, Arpa çayından tutmuş Araza qədər, Batabatdan keçib Şahtaxtıya qədər, Ordubaddan Culfaya kimi, Nehrəmdən Duz dağına, Əlincəyə kimi nə varsa, hər biri barəsində övlad sevgisiylə yazmaqdan, kəhrizlərin pıçıltısını misralara çevirməkdən, babası ilə söhbətləri nəvə-nəticələrinə çatdırmaqdan, həyatı vəsf etməkdən doymur. O yazır ki:


Atalar sözləri gül toxumudur,
Harda əksən bitər, əkəsən gərək.
Deyirlər həyatın gövhəri sudur,
Hər suyun arxını çəkəsən gərək.

... Firudin şairlər cərgəsindədir,
Bilirlər yazdığı,dediyi nədir.
Atalar sözəri yetərincədir,
Yerində məsəli çəkəsən gərək.

Bir parçasını təqdim etdiyim bu şeirin özündə də Hacı Firudinin məramı oxucuya məlum olur. O məram da yerində olmaqdır. Deməli, öz yerini bilən adamın iddiası da həmişə halal haqdı! Çünki o, kimisə yıxıb, əzib yerinə sahiblənmək amacı ilə yaşamır. Sadəcə Allahdan ona halal olanla kifayətlənir. Bu isə oturub nəyisə gözləmək demək deyil, əksinə, daxili qaynarlıqdır. Daxili mübarizənin həyata ağıllı şəkildə köçürülməsidir. Ona görə də Hacı Firudin yazır ki:
 

Qaydadır, yığdığın itirir insan,
Ömrünü narazı bitirir insan.
Ya lənət götürür, ya rəhmət insan,
Qalır izi tək-tək, həm sözü tək-tək.

Ümumiyyətlə Hacı Firudinin yaradıcılığında oxucuya bir nəsihət də verilir. Təbii ki, bu onun təkcə ağsaqqallıq iddiasının diktəsi deyil. Bu həm də onun reallıqdan çıxış edən məntiqinin bəhrəsidir. Yəni özü görür, yaşayır, bəhrəsini dərir, məhz bu prosesin sonunda gəldiyi nəticəni nəsihət kimi gerçəkliyə çevirir. O bilir ki, hər iki dünya sirdir. Birinin sirrini öyrənməyə çalışırıq, o birinin sirrini öyrənməyə doğru yol gedirik.

Hər iki dünyamız, Firudin sirrdir,
Sirlərin sirrini Yaradan bilər.

Əzəli fərqlisə, axırı birdir,

Qismətin mayası Xudadan gələr.

 

 Mən Hacı Firudinin yaradıcılığı barəsində, fikirlərimi oxucularımızla, eləcə də onun özü ilə dəfələrlə bölüşmüşəm. Hətta bir kitabına redaktorluq edib, ön söz də yazmışam. Lakin hər dəfə hiss etmişəm ki, Hacı Firudinin mütaliəsi az qala zamanı qabaqlayır. “Ədalət” qəzetinin ən yaxşı oxucularından biridir. Qəzetin bütün müəlliflərinin sözünü, imzasını yaxşı tanıyır. İradını bildirməkdən də çəkinmir. Tərifi isə o qədər səmimi deyir ki, adam “Ədalət”çi olmağıyla fəxr edir. Bu adam özünün söhbətlərində mətbuatdan elə yararlanır ki, az qala həmmüəllifə çevirilir. Bax bu xüsusiyyət də qələmlə sirdaşı olan bir dostumun uzun illərdən bəri ənənəyə çevirdiyi yaşamdır. Onun iş otağına daxil olanda masasının üzərində mütləq qəzet görəcəksən. O qəzetlərin arasında "Şərq qapısı", “525-ci qəzet” və “Ədalət” xüsusi yer tutur.

Bu gün barəsində bir dost etirafı yazdığım Hacı Firudin ömrünün 90-cı ilini tamamlayır. Mən təkcə Bakıdan yox, həm də onun çox sevdiyi Tuğdan, Şuşadan Xarıbülbül ətirli bir dua ilə 90 yaşını təbrik edirəm. Və yaxşı xatırlayıram ki, o, söhbətlərimizin hamısında ən böyük arzusunu dilə gətirib:
- Naxçıvandan maşına oturub Tuğa, Şuşaya gəlmək arzusunu!.
Mən dəfələrlə təyyarə ilə bunun mümkünlyünü söyləmişəm. O isə israrla deyib ki, mən Naxçıvandan gəzə-gəzə Tuğa, Şuşaya getmək istəyirəm. İstəyim də budur ki, Zəngəzur dəhlizindən ilk keçənlərdən biri mən olum.

Bu, ağsaqqal istəyidir. 30 il hamımızla bərabər həsrətini çəkdiyi Şuşadan sonra indi də Naxçıvanın quru sərhədinin açılacağı günü ən böyük arzuya çevirib. Düşmənin burda da ağ bayraq qaldıracağı günü gözləyir. İnanıram ki, Hacı Firudinin bu arzusu da çin olacaq.
Çünki qüdrətli ordumuzun “dəmir yumruğu” var.
90 yaşın mübarək, qardaşım. Allah sizin və bizim Zəngəzur arzumuzu çin etsin!