Ayaz Arabaçı ŞEİRLƏR

Ədəbiyyat 11:32 / 01.07.2024 Baxış sayı: 896

Çərpələngtək uçub getdi gəncliyim,

Saçlarımın dən ağrıyan yerindən.

İndi sənə bu məktubu yazıram,

Tüstü, duman, çən ağrıyan yerindən.

 

Xatirələr əl altında dururlar..

Üç gündən bir yas məclisi qururlar,

Ona görə sağaldıqca vururlar,

İkimizin tən ağrıyan yerindən.

 

Pozulubdu həyatımın düzgüsü,

Hardan baxsan düz umudu-düz küsü,

Çat veribdi məhəbbətin güzgüsü,

Bu dünyanın mən ağrıyan yerindən.

 

İmkan vermir yaşamağa zəhərlər,

İt ağzında oyanıram səhərlər,

Qopub getdi yer altına şəhərlər,

Ürəyimin sən ağrıyan yerindən.

 

Nə gəlibsə dəyişmədən yazmışam,

Bir yuxu var xeyirliyə yozmuşam,

Sənə görə pəhrizimi pozmuşam,

Göndər öpüm, ən ağrıyan yerindən..

            ***

Xatirələr hər dəfə,bir başqa cür olurlar..

Bəzən uşaq qalırlar-bəzən yaşa dolurlar..

Kimdən ötrü açırlar,kimdən ötrü solurlar..

Gözündəki çiçəklər-

budaqlarından soruş..

 

Demişdim ki,inanma,uşaq kimi hər vədə.

Hamı çevirə bilmir,ürəyini sərvətə.

Kimdən ötrü ağlayır,çəkiləndə xəlvətə.

Kimdən ötrü ağlayır-

bulaqlarından soruş.

 

Taleyində iki yol,biri bal,biri zəhər.

Zəlzələdə dağıldı,tikib-qurduğun şəhər..

Kimin səsindən ötrü uçunur axşam-səhər,

Kimin səsindən ötrü-

qulaqlarından soruş.

 

Bir ox boyu fırlanır,bugünün də,dünün də.

Bu nə ağır sükutdu,yoxa çıxıb ün-ündə.

Niyə gözün dörd olub,kim yoxdu ad günündə..

Kimin yeri boş qalıb..

qonaqlarından soruş.

 

Yadındamı demişdim,nə "bir" cütdü,nə "bir" tək..

Cırmaqlayır köksünü,keçən günlər bəbirtək.

Niyə belə soyuqdu,niyə belə qəbirtək.

Niyə belə soyuqdu

otaqlarından soruş..

 

Hansı gözəl xəbərdən ruhun belə nazlanır..

Kim yadına düşüb ki,gözün-könlün yazlanır.

Kimin adı dilinin ,ucunda pərvazlanır..

Kimin eyy, kimin adı,

dodaqlarından soruş..

 

***

İşi-gücü balaca bir adamam,

Böyük-böyük dağ haqqında nə yazım..

Həyatımda nə qoyub ki,

gedəndə,

Ötüb-keçən çağ haqqında nə yazım..

 

Ərimədi buz hasarım,buz aram,

Qızıl teştə xatirələr qusaram,

Uzaqbaşı bir ah çəkib susaram,

Gülü solan bağ haqqında nə yazım..

 

O ulduzlar göy üzündə yaradı,

Yox olmağın son mənzili haradı,

Mənim bəxtim əzəl gündən qaradı,

Durum sənə ağ haqqında nə yazım..

 

Saldı məni bir hörümçək girinə,

Şirin kimi baxammıram şirinə,

Təpə boyda olmayanın birinə,

Sinəmdəki dağ haqqında nə yazım..

 

Boğuluram dəli Kürün içində,

Ərimişəm neçə ürün içində,

Zəhər kimi bir ömürün içində,

Bal haqqında,yağ haqqında nə yazım...