Əlizadə Nuridən  İKİ ŞEİR

Ədəbiyyat 11:23 / 01.07.2024 Baxış sayı: 837

Günəşi vurdular səba yerindən...

 

Neynəsin bu quzu anası ölmüş,

Necə oynamasın oba yerindən?

Sevgisi azalıb bu adamların-

Bu dünya üşüyür soba yerindən...

 

Bu yay nə tez öldü- yayı vurdular?

Say saya gəlmədi, sayı vurdular...

Axşam qaranlıqda ayı vurdular

Günəşi vurdular səba yerindən.

 

Bir şam işığında əriyər yuxum...

Sancılar varağa bu qələm- oxum.

Dünya başdan- başa qəmə yoluxub-

İndicə gəlirəm " vəba" yerindən.

 

Sevinir o yağış- telinə dəydi,

Adım bəxtəvərdi- dilinə dəydi

Əlinin istisi əlimə dəydi

Az qaldı bu əlim qopa yerindən.

 

Yaşamaq nədir ki?- köhnə həvəsdi...

Ömür yaş bəbəkdi, quru nəfəsdi.

Bir qəm ürəyimə bəs eləməzdi-

Aldım bu qəmləri topa yerindən....

 

Gizlənib

Ağacın son hıçqırığı,

Ocaq közündə gizlənb.

Dirilər öz paltarında

Ölü bezində gizlənib.

 

Durub gəldim sənə sarı,

Götürmədin sən hasarı.

Ayağımın ağrıları

Ayaq izində gizlənib.

 

Göy üzüymüş göyçək üzün,

Çaşıb qaldım görcək üzün...

...Bu dünyanın gerçək üzü

Yalan üzündə gizlənib...