SÜLEYMAN ABDULLA- OLAR-OLMAZIN ŞEİRİ
Haqqın yolçusuna nə gündüz-gecə,
Gözündə nə qorxu, nə hədə olur.
Çəkir imtahana yol kimi, necə,
Baxır harda olmur Haqq, nədə olur.
İçdikcə dərd-qəmi ayılır adam,
Həsrətdən az qala bayılır adam.
Elə gün gəlir ki, sayılır adam,
Elə zaman gəlir vaxt-vədə olur.
Ən qatı vaxtına düşdük dumanın,
Əlləri üzülür göydən umanın,
Məqamı, məkanı varmı gümanın,-
Bəlkə yeri deyil, bəlkə də olur.