Rəfail Tağızadə- Bir kəhər dayanıb Cıdır Düzündə

Ədəbiyyat 22:00 / 04.01.2026 Baxış sayı: 1357

 

 

Bu atın yalını kim darayıb, kim?

Darağı əlində gəzən kim imiş?

Kimsəsiz yurdumun tənhalığında

külək nəvazişi məni bitirmiş.

 

Mənim səhərimin üzü qaranlıq,

günümün, ayımın işığı itib,

mənim kürəyimdə qamçı səsləri,

boynumda üzəngi kölgəsi bitib.

 

Sükutu qoynuna çəkən dərədə

həsrətin, kədərin izi üzündə,

köhnə tumarında sığalım itən

bir kəhər dayanıb Cıdır Düzündə.

 

Bu yerin gözəli Qarabağ atı,

gör neçə illərdi, kişnəmir, gülmür,

bu sınıq qollarım, topal əllərim,

o vaxtdan saç yalı daraya bilmir.