Namiq Dəlidağlı- DARIXDIM
***
Gülüzlüm,
şəhərdə sənsiz
darıxmağa nə var ki...
burda zülmdü-
gül-çiçəkli dağ cığırlarında
adam ölür darıxmaqdan.
Burda otlar-çiçəklər,
arılar-kəpənəklər,
bənövşələr-böcəklər,
hər şey qoşulub adama
DARIXIR, darıxanda...
...Şəhərin küçələrində nə var ki,
sənsiz darıxmağa...
olsa-olsa bir qəpiklik
hörməti olmayan
küçə itləri tək
adam darıxır şəhərdə.
Bir də tinlərdə veyillənən
boş şirə qutular kimi...
və bir də dörd fəsli
eyni donda qarşılayan
küknar ağacı tək...
Burda darıxmaq canlıdı:
çiçəklər, arılar, kəpənəklər
və bir də böcəklər kimi...
DARIXDIM...