Mina RƏŞİD - Kaş bircə dəfə qızımı görəydim…
Arazın ömür-gün yoldaşı Mahirə xanım deyir ki, onun vətəninə sevgisi o qədər böyük idi ki, yenidən ordu sıralarına qayıtmışdı: "Biz Arazla ilk vaxtlar çox çətinliklərlə üzləşdik. Onda uşaqlar hələ körpə idi. İkimiz əl-ələ o sıxıntıların öhdəsindən gəlib elə yenicə xoş günlərə çıxmışdıq ki, Araz müharibəyə getdi və şəhid oldu…
Arazın həm iş, həm də döyüş yoldaşı Afiq deyir ki, noyabrın 4-ə kimi onunla çiyin-çiyinə döyüşmüşük. Araz Laçının Səfiyan kəndində noyabrın 4-də şəhid olub. Araz çox ürəkli, mərd oğul idi. Səngərdə onunla bir yerdəydik, güllə yağışı altında. Güləbirddə dedi ki, Afiq, kaş bir dəfə qızımı görəydim, onun ürəyi partlayır məndən ötəri… Sonra əmr gəldi, cəmləşdik, saat 3-4 olardı, hücum əmri gəldi. Araz döyüşə gedəndə dedi ki, qələbə bizimdi! Sonra biz ayrıldıq, Arazı itirdim. Mən yaralandım, sonra öyrəndim ki, Araz şəhadətə ucalıb. Onun nəşi bir ay tapılmadı. Şəhidimizin üzərində qar qalaqlanmışdı, heç deməzdin ki, 30 gün keçib. Üzündə elə nur var idi ki, sanki dünən şəhid olmuşdu…
Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Araz Səmədağa oğlu Cəfərovun doğum günüdür. O, 28 yanvar 1993-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb. Araz Cəfərov hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətə başlayıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlanan Vətən müharibəsində Araz Cəfərov könüllü iştirak edib. O işğalda olan bir neçə rayonumuz uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
Noyabrın 4-də Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin mübarək nəşi uzun müddət axtarışdan sonra nəhayət, dekabrın 2-də dogma Qarazəncir kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Araz Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə yadigar qalıb.
Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Şəhidim!